İranda nəşrinə qadağa qoyulmuş qəzetin baş redaktoru həbs edilib

İranda nəşrinə qadağa qoyulmuş qəzetin baş redaktoru həbs edilib
# 04 noyabr 2013 08:41 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda nəşrinə qadağa qoyulmuş, islahatçılara yaxın “Bahar” qəzetinin baş redaktoru Səid Purəzizi həbs edilib. APA-nın məlumatına görə, S. Purəzizi oktyabrın 31-də saxlanılsa da, xəbər yenicə yayılıb. Bu faktı onun həyat yoldaşı Məsumə Şəhriyari də təsdiqləyib. “Bahar” qəzetinin baş redaktoru hazırda Tehranın Evin həbsxanasında saxlanılır.

Qeyd edək ki, mətbu orqanın nəşri İran İslami İrşad və Mədəniyyət Nazirliyinin Mətbuata Nəzarət Şurası tərəfindən oktyabrın 28-də dayandırılıb və işi məhkəməyə göndərilib. Buna səbəb qəzetin oktyabrın 23-də “İmam, siyasi lider və ya iman modeli” başlığı altında məqalə dərc etməsidir. “Fars” xəbər agentliyi və “Keyhan” qəzeti belə bir yazının dərc olunmasını ciddi tənqid ediblər və bunu islahatçıların imamlara hücumu kimi qələmə veriblər. Bundan sonra “Bahar” qəzetinin rəhbərliyi oktyabrın 26-da bildiriş dərc edərək üzr istəmək məcburiyyətində qalıb və hətta mətbu orqanın nəşrini bir müddət dayandırmaq barədə qərar da qəbul edib.

“Bahar” Həsən Ruhaninin avqustun 4-də İranda hökumət başına gəlməsindən sonra nəşri dayandırılan ilk qəzetdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR