“Cənub Qaz Dəhlizi”nin Müşahidə Şurası formalaşdırılıb

“Cənub Qaz Dəhlizi”nin Müşahidə Şurası formalaşdırılıb
# 06 may 2014 14:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktorunun adı məlum olub.

APA-Economics”in məlumatına görə, bu vəzifəyə Əfqan İsayev təyin edilib.

Bununla yanaşı QSC-nin Müşahidə Şurası da formalaşdırılıb. Şuranın tərkibinə baş nazirin birinci müavini Yaqub Eyyubov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, energetika naziri Natiq Əliyev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev daxil edilib.

Qeyd edək ki, prezident İlham Əliyev bu ilin fevralın 25-də "Şahdəniz" qaz-kondensat yatağının II mərhələsinin işlənməsi layihəsinin səmərəli idarə olunması, Cənubi Qafqaz, Trans-Anadolu (TANAP) və Trans-Adriatik qaz kəmərlərinin (TAP) genişləndirilməsi ilə bağlı qapalı səhmdar cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Bu cəmiyyətin nizamnamə kapitalı 100 mln. ABŞ dolları təşkil edir.

Qeyd edək ki, QSC-nin kapitalında ARDNŞ-in payı 49%, dövlətin payı 51% təşkil edəcək. “Mərhələ-2” 28 mlrd. dollar dəyərində qiymətləndirilir. Hasilatın illik həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək. Bunun 10 mlrd. kubmetri Avropa, 6 mlrd. kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Azərbaycan qazının Avropaya nəqlinə 2019-cu ildə başlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR