Londonda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş qəbul təşkil edilib

Londonda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş qəbul təşkil edilib
# 08 may 2013 23:42 (UTC +04:00)

Бакы-АПА. Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyi və ARDNŞ-nin Britaniya təmsilçiliyinin təşkilatçılığı ilə Londonda Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş qəbul təşkil edilib.

Tədbirdə Birləşmiş Krallığın hökumət və dövlət nümayəndələri, parlament üzvləri, London şəhər Kensington və Çelsi inzibati ərazi vahidinin meri, Londonda akkreditə olunmuş diplomatik korpus təmsilçiləri, bir sıra ölkə səfirləri, Britaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının, həmçinin yerli və xarici ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Fəxrəddin Qurbanov qonaqları salamlayaraq, Heydər Əliyevin şərəfli həyat yolu və zəngin fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib, onun dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsində müstəsna xidmətlərindən söhbət açıb. Qeyd edib ki, Azərbaycanın dünyada tanınması, müasir, demokratik və müstəqil dövlətçiliyimizin inkişafı məhz H.Əliyevin adı ilə bağlıdır.

Tarixə nəzər salan səfir, Heydər Əliyevin Sovet dönəmindəki fəaliyyətindən, hələ o zaman Vətəninin və xalqının gələcək taleyini düşündüyündən bəhs edib. Ölkəmizin 90-cı illərdə üzləşdiyi çətinliklərdən danışan F.Qurbanov Heydər Əliyevin həmin illərdə çoxsaylı maneələri dəf edərək Azərbaycan xalqının xilaskarı missiyasını şərəflə yerinə yetirdiyini vurğulayıb. Səfir qeyd edib ki, Heydər Əliyev prezident seçildikdən sonra Azərbaycanın hərtərəfli inkişafını təmin edən mühüm qərarlar qəbul edilməsinə nail olmuş, ölkəmizin məqsədyönlü, hərtərəfli düşünülmüş daxili və xarici siyasətinin təməl daşlarını qoyub. Birləşmiş Krallıq ilə hərtərəfli inkişaf edən münasibətlərimizin qurucusu da məhz Heydər Əliyev olub. Səfir H.Əliyevin Böyük Britaniyada 2 dəfə rəsmi səfərdə olduğunu, o dövr dövlət və hökumət başçıları ilə görüşlər keçirdiyini və bu səfərlərin ölkələr arasında münasibətlərin sonrakı dövrlərdə də yüksələn xətt üzrə inkişaf etdiyini xüsusilə vurğulayıb.

İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord Freyzer ölkəmizin son illərdə sürətli inkişafından bəhs edərək ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin gördüyü işləri yüksək qiymətləndirmişdir.

Cənubi Qafqaz üzrə tanınmış britaniyalı tədqiqatçı, professor Tamara Draqadze Azərbaycana səfərləri və Heydər Əliyev ilə görüşləri ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

ARDNŞ-in Britaniyadakı nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə neft sektorundakı güclü inkişafından danışıb. Bildirib ki, “Azəri”, “Günəşli” və “Çıraq” yataqları məhz Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə kəşf edilib. 1994-cü ildə Heydər Əliyevin qətiyyəti, polad iradəsi və uzaqgörənliyi sayəsində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesinin inkişafında dönüm nöqtəsi olub.

Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Roger Thomas (1997-2000) vurğulamışdır ki, müasir Azərbaycanın hazırkı , demokratik və sürətli inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə xidmət etdiyi müddətdə Heydər Əliyevlə bir neçə dəfə görüşdüyünü xatırladan diplomat onun qibtə doğuran ağıl və zəkaya, heyrətamiz liderlik qabiliyyətinə malik olduğunu diqqətə çatdırıb. Heydər Əliyevin eyni zamanda dahi siyasətçi olduğunu qeyd edən R.Thomas bildirib ki, hazırda beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərməsi və ölkənin dünyaya inteqrasiyası da onun xidmətidir.

Tədbirdə həmçinin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video çarx və fotosərgi nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR