DAK İranda saxlanan 5 azərbaycanlı fəalın aclıq aksiyasına başlaması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib

DAK İranda saxlanan 5 azərbaycanlı fəalın aclıq aksiyasına başlaması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib
# 24 iyul 2013 11:43 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət edib.

DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilib ki, milli hərəkatının 5 üzvü onlara qarşı irəli sürülən ittihama və ədalətsiz məhkəmə qərarına etiraz əlaməti olaraq aclıq aksiyası keçirir. Ana dilində təhsil, mədəni haqlarının və insan hüquqlarının tanınması üçün mübarizə aparan Yeni GAMOH təşkilatının sədri Lətif Həsəni, qurumun Mərkəzi Komitəsinin üzvləri Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə iki saat davam edən sorğu-sual nəticəsində azadlıqdan məhrum ediliblər.

Bəyanatda 12 gün əvvəl İranda həbs olunan azərbaycanlı fəallar barələrində çıxarılan məhkəmə qərarına etiraz edilib: “İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində, Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində və Behbud Quluzadəni fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib. Qərar İranın Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Azərbaycanlı fəallara aclıq etdikləri müddətdə heç bir tibbi yardım göstərilməmiş, daha yuxarı məhkəmə instansiyası işə baxmaqdan imtina etmişdir. Bu müddət ərzində məhkumlara doğmaları ilə görüş imkanı da verilməmiş, vəkillə təmin edilməmişlər və bütün qanuni haqları tapdanmışdır. Səhhəti ağır olması səbəbindən Tehran həbsxanası məhbusları qəbul etməkdən imtina edib”.

DAK İranda baş verən bu halları qanunsuzluq hesab edərək, bəyanatında beynəlxalq təşkilatları və dünya ictimaiyyətini bu dövlətdə insan haqlarına qarşı repressiyalara son qoymaq üçün real addımlar atmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR