Mahmud Qurbanov: “AFFA rəhbərliyi millini yerli məşqçiyə tapşırsa, daha yaxşı olar”

Mahmud Qurbanov: “AFFA rəhbərliyi millini yerli məşqçiyə tapşırsa, daha yaxşı olar”
# 06 sentyabr 2013 14:37 (UTC +04:00)

Bakı – APA. “İsraillə oyunda 1 xal qazansaq, bu, bizim üçün uğur olar”. Bu sözləri apasport.az saytına açıqlamasında ölkəmizin ən titullu futbolçusu Mahmud Qurbanov deyib. Millimiz sabah DÇ-2014-ün təsnifat mərhələsi çərçivəsində İsrail yığması ilə qarşılaşacaq.


Ötən mövsüm məşqçiliyə başlayan, lakin rəhbərlik etdiyi “Kəpəz” I diviziona düşdükdən sonra postunu tərk edən Qurbanov matçla bağlı fikirlərini bölüşüb: “İsrailin qrupdan çıxmaq şansı var. Qalib gəlmək üçün çox çalışacaqlar. Belə götürəndə, heç-heçə onları qane etmir. Dünya çempionatına vəsiqə uğrunda Rusiya, Portuqaliya və İsrail arasında mübarizə gedir. Həlledici məqamdır, büdrəyən kənarda qalacaq”.

İlin sonunda millimizin baş məşqçisi Berti Foqtsun postunu tərk edəcəyi gözlənilir. Qurbanov hesab edir ki, almaniyalı mütəxəssisi yerli məşqçi əvəzləməlidir: “Düşünürəm ki, arxaya boylanmaq yox, sabahı düşünmək lazımdı. Əsas bundan sonra nə etməkdir.

AFFA rəhbərliyi millini yerli məşqçiyə tapşırsa, daha yaxşı olar. Əcnəbi bura uyğunlaşınca, futbolçuları tanıyınca, vaxt gedir. Bir də baxırsan ki, artıq müqaviləsinin müddəti bitib. Ad çəkmək düzgün olmaz, amma millini çalışdırmağa uyğun məşqçilərimiz var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR