Kanadada Azərbaycanın enerji strategiyasından bəhs edən kitab çap olunub

Kanadada Azərbaycanın enerji strategiyasından bəhs edən kitab çap olunub
# 14 aprel 2015 10:28 (UTC +04:00)

Bakı – APA. Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalovun Kanadanın məşhur “Publibook” nəşriyyatının “Sənaye, mədən fəaliyyəti və enerji” kolleksiyasında “Azərbaycanın neft və qaz ehtiyatları: bir dövlətin regional enerji mərkəzinə çevrilməsi” adlı yeni kitabı nəşr olunub.


APA-nın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Azərbaycanın dünyada ilk neft istehsalçısı olduğunu diqqətə çatdıran müəllif Bakı neftinin tarixdə oynadığı roldan, ölkəmizin neft ixracatçısına çevrilməsi və onun beynəlxalq ticarətin inkişafına verdiyi töhfədən ətraflı söhbət açıb.

Altı fəsil, 248 səhifədən ibarət kitabda bildirilir ki, qədim “İpək yolu” üzərində yerləşən Azərbaycan malik olduğu resurslar sayəsində geostrateji əhəmiyyət kəsb edib.

Müəllif XIX əsrdə Azərbaycan neft sənayesinin inkişaf xüsusiyyətlərini araşdırıb və ölkəmizin bu sahədə aparıcı rol oynadığını göstərib.

Əsərdə Azərbaycanın qısa müddətdə dünyada istehlak olunan neftin yarıdan çoxunu istehsal etdiyi, Bakının isə böyük sənaye şəhərinə çevrildiyi, XX əsrin əvvəllərində neft istehsalı sayəsində bir çox azərbaycanlının milyonçu kimi tanındığı qeyd olunub, onların xarici investorlardan fərqləndirici cəhətləri təhlil edilib, Azərbaycanın neft tarixində rolları dəyərləndirilib.

Sovet İttifaqı dağılandan sonra neft sənayesinin çətin duruma düşdüyünü, maliyyə çatışmazlığının, qeyri-sabitliyin, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün bu sahənin yenidən dirçəldilməsinə mane olduğunu qeyd edən F.Zeynalov ölkəmizin çətin dövründə xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtdığını və bununla da müasir Azərbaycan tarixində yeni bir səhifə açıldığını vurğulayıb. O, H. Əliyevin hazırlayıb uğurla həyata keçirdiyi yeni neft strategiyasını hərtərəfli təhlil edib.

Müəllif H. Əliyevin həyat və fəaliyyətinə kitabında xüsusi yer ayırıb, onun neft və qaz resurslarının istismarında, Azərbaycanda siyasi sabitliyin təmin edilməsində, xarici şirkətləri Azərbaycanın neft yataqlarının istismarına cəlb etməklə, enerji sektorunun yenidən inkişafına nail olunmasında rolunu xüsusi qeyd edib. Məhz H. Əliyevin uğurlu daxili və xarici siyasəti, “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyasını həyata keçirməsi nəticəsində Azərbaycanın öz tarixində üçüncü neft bumunu yaşamağa başlaması əsərdə ön plana çəkilib, onun əvəzsiz xidmətləri sayəsində ölkəmizin bugünkü uğurlarının əsasının qoyulduğu qeyd olunub.

Yeni neft strategiyasını üç hissəyə bölən müəllif xarici kapitalın cəlb edilməsini və bu yolda yaşanan çətinlikləri qeyd edib, eyni zamanda, məhz H. Əliyevin uzaqgörənliyi və təcrübəsi nəticəsində bütün bu çətinliklərin aradan qaldırıldığını, əfsanələrin reallığa çevrildiyini göstərib.

Müəllif yeni neft strategiyasının tərkib hissəsi olan neft və qaz kəmərlərinin diversifikasiyası məsələsinə xüsusi yer ayırıb. Müstəqil xarici siyasət yürüdən Azərbaycanın müxtəlif bazarlara və onlara istiqamətlənən neft və qaz kəmərlərinin inkişafına ciddi ehtiyac duyduğu, H. Əliyevin ilk vaxtlardan bu məsələyə çox həssas yanaşdığı, Azəri-Çıraq-Günəşli yataqlarını istismar edən konsorsiumla görüşlərində bu məsələni daimi diqqət mərkəzində saxladığı kitabın əsas məziyyətini təşkil edir. Məhz H. Əliyevin dəstəyi və qətiyyəti sayəsində müxtəlif neft kəmərlərinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinin aparıldığı barədə kitabda ətraflı məlumat verilib.

Kitabda prezident İlham Əliyev tərəfindən neft strategiyasının uğurla həyata keçirilməsindən və qaz kəmərlərinin diversifikasiyasının davam etdirilməsindən geniş bəhs olunur. “Cənub” qaz dəhlizi layihəsinin icrası ilə bağlı zəruri sənədlərin imzalandığı və ardıcıl şəkildə həyata keçirildiyi, Cənubi Qafqaz qaz kəməri, TANAP, TAP layihələrinin Azərbaycanın təşəbbüsü və dəstəyi ilə reallaşdığı, bu layihələrin Azərbaycandan Avropaya yeni qaz dəhlizi açdığı, Avropanın enerji təhlükəsizliyində etibarlı və əvəzedilməz tərəfdaş olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, prezident İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində “Şahdəniz 2” və TANAP qaz kəməri ilə bağlı yeni “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın neft tarixinin növbəti mərhələsi başlayıb.

Kitabda neft strategiyasının mahiyyəti və özünəməxsus xüsusiyyətləri regional kontekstdə dəyərləndirilir və bu strategiyanın həyata keçrilməsi nəticəsində Azərbaycanın böyük əhəmiyyətə malik regional layihələrin aparıcısı kimi çıxış etməsi və qlobal səviyyəli aktora çevrilməsi təsdiqlənir.

Kitabda qeyd edilib ki, neft strategiyası Azərbaycanı regionun enerji mərkəzinə çevirib, bu isə öz növbəsində regionun enerji xəritəsinin dəyişməsini şərtləndirib. Müəllif sonda bildirir ki, neft istehsalı sahəsində qədim ənənəyə malik Azərbaycan beynəlxalq aləmdə getdikcə daha çox tanınır və Avrasiyada müstəqil və əhəmiyyətli aktor kimi səciyyələnir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab fransızdilli ölkələrdə Azərbaycan haqqında hərtərəfli məlumatları özündə əks etdirən çox faydalı əyani vəsaitdir. Kitabın ali məktəblərdə dərslik kimi istifadəsi nəzərdə tutulub.

Xatırladaq ki, bu, F. Zeynalovun Fransada və Kanadada nəşr olunan beşinci kitabıdır. O, Fransa, Almaniya, İsveçrə və Kanadanın mətbu orqanlarında tez-tez Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektləri, Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyəti, Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolu, Azərbaycanın və Xəzərin enerji resursları, Cənubi Qafqazda siyasi məsələlərlə bağlı məqalələrlə çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR