Azərbaycanda kredit alanların sayı 2 milyonu ötüb

Azərbaycanda kredit alanların sayı 2 milyonu ötüb
# 08 avqust 2014 14:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin iyun ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 248 000-dən çox sorğu daxil olub.

APA-Economics”in Mərkəzi Banka istinadən yaydığı məlumata görə, may ayı ilə müqayisədə iyun ayında MKR-ə edilən ümumi müraciətlərin sayında azalma qeydə alınıb. Belə ki, may ayında reyestrə 265 708 sorğu daxil olubsa, iyun ayında bundan

17 280 az, yəni 248 428 müraciət daxil olub. Bu sorğuların 244 342-si banklar tərəfindən daxil olub.

4 086 nəfər isə fərdi qaydada öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib.

Bu ilin II rübünün göstəricilərini təhlil edəndə məlum olur ki, fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında artım var. Başqa sözlə, ilin əvvəli ilə müqayisədə iyun ayında reyestrə daxil olan sorğular 2,3 dəfə çoxalıb. Məsələn, yanvar ayında 1 799, fevralda 3 452, martda 4 228, apreldə 5 589, mayda 4 073 nəfər kredit tarixçəsini öyrənmək istəyib, iyunda bu göstərici 4 086-ya yüksəlib.

Ümumiyyətlə, yanvar-iyun ayları ərzində MKR-ə ən çox müraciət mart və aprel ayında olub.

Qeyd edək ki, 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə cəmi borcalanların sayı 22,8% artaraq bu ilin iyul ayının 1-nə 2 milyon 138 min 886 nəfər təşkil edib. Bunun da 10 min 462 nəfəri hüquqi, 2 milyon 110 min 400-ü fiziki şəxslər, 18 min 024 nəfəri sahibkarlıq subyektləridir.

İyun ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 138 886, kredit məlumatlarının ümumi sayı isə 7 738 882 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 989 278-dir.

Qeyd edək ki, MKR 2005-ci ilin martından fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR