Doktorant və dissertantların informatika fənni üzrə imtahanları keçirilir

Doktorant və dissertantların informatika fənni üzrə imtahanları keçirilir
# 17 iyun 2016 10:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları başlayıb.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2016-cı ilin fevral ayından başlayaraq imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) müxtəlif müddətli kurslar təşkil olunub.

Bu kurslarda informatikanın nəzəri və praktiki əsasları tədris edilib. Elmi tədqiqatçılar üçün sınaq imtahanları keçirilib, imtahanın ümumi qaydaları haqqında zəruri məlumatlar verilib.

AMEA Gəncə Bölməsi, Naxçıvan Dövlət Universiteti və AMEA Naxçıvan bölməsində institutun distant tədris mərkəzləri fəaliyyət göstərir. 2011-ci ildən Gəncə və Naxçıvanda yaşayan doktorant və dissertantlar TİM-də tədris olunan dərsləri məsafədən dinləyirlər. Bu ildən həmin bölgələrdə yaşayan elmi tədqiqatçılar üçün informatika fənni üzrə imtahanlar internet üzərindən distant formada keçirilir.

Qeyd edək ki, 2003-cü ildən etibarən bütün doktorant və dissertantlara informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu mərkəzləşdirilmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda keçirilir. AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları 2013-cü ilin iyun ayından başlayaraq elektron test üsulu ilə aparılır. İmtahan prosesinə TİM-də quraşdırılmış video-müşahidə sistemi vasitəsilə nəzarət edilir.

Bu sessiyada Gəncə və Naxçıvandan 100 elmi tədqiqatçının, ümumilikdə isə 900-dən çox doktorant və dissertantın imtahan verəcəyi gözlənilir. İmtahanlar iyulun 15-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR