SOCAR və Böyük Britaniyanın “Nobel Upstream” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Ümid-Babək” blokunda yeni qaz layihəsi ilə bağlı planlarını yekunlaşdırmaq üçün yeni tərəfdaşlar cəlb etmək niyyətindədirlər.
“APA-Economics”in “Platts” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Nobel Upstream” şirkətinin icraçı direktoru Larri Beyts məlumat verib.
Onun sözlərinə görə, artıq beynəlxalq neft şirkətləri ilə danışıqlara başlanılıb və artıq bu il razılığın əldə ediləcəyi gözlənilir.
L. Beyts qeyd edib ki, bu, çox gözəl ideyadır və məqsəd 2022-ci ildə hasilata başlayaraq, illik 3-4 mlrd. kubmetr qazın hasil edilməsinə nail olmaqdır: “İkinci platforma Babək yatağının dərin sularında quraşdırılacaq və orada 2023-cü ildə qazma işlərinə başlanacaq.”
Qeyd edək ki, hazırda “Ümid-Babək” blokunda 600 mlrd. təbii qaz və 800 mln. barel kondensat ehtiyatlarının olduğu proqnozlaşdırılır. “Ümid” yatağı 2010-cu ildə istismara verilib və artıq bu yataqda hasilat quyuları qazılıb. “Babək” perspektivində isə hasilat işlərinə başlanılmayıb.