Bakı. Fərid Mirzəyev – APA. “Sözsüz ki, dərman preparatlarının qiymətinin tənzimlənməsi müəyyən problemlər yaradacaq. Ancaq biz bu problemlərdən qorxmamalı və işimizi davam etdirməliyik. Sonda yaxşı nəticənin əldə olunacağına inanırıq”.
APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Nazir müavininin sözlərinə görə, Tarif (qiymət) Şurasının qərarından sonra qiymətləri bir neçə dəfə düşən dərman preparatları var: “Əsas məqsədimiz odur ki, birinci növbədə ölkə əhalisinə satılan dərmanlar keyfiyyətli olsun, ikincisi növbədə isə dərmanların qiyməti aşağı olsun. Çox baha olan dərmanların süni şəkildə qiyməti qaldırılırsa, əlbəttə ki, biz onun bazarda olmasının tərəfdarı deyilik”.
E. Ağayev qeyd edib ki, bu gün Azərbaycanın dərman bazarında qeydiyyatdan keçən dərman preparatlarının 57 faizi Avropanın payına düşür: “26 faiz MDB ölkələrinin, onların da içərisində 12 faizi Rusiyaya aiddir. Hindistanın və digər Asiya ölkələrinin payına isə çox kiçik faiz düşür”.