Bakı. Rüfət Əhmədzadə – APA. Ukrayna Ali Radası Donbas regionunda beynəlxalq polis missiyasının təşkilinə dair Avstraliya və Niderlandla imzalanan sazişləri ratifikasiya edib.
APA-nın UNIAN-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə “Suveren Avropa Ukraynası” fraksiyasından olan deputat Sergey Labazyuk deyib.
Onun sözlərinə görə, Malayziyaya məxsus “Boing-777”nin qalıqlarının düşdüyü ərazidə ekspert qrupunun təhlükəsizliyini təmin etmək məqsədi ilə beynəlxalq polis missiyası yaradılacaq.
“Qəbul etdik, 321 nəfər səs verdi. Başqa məsələlər hələlik Radanın gündəmində deyil”, – deyə deputat qeyd edib.
S. Labazyuk əlavə edib ki, ilkin mərhələdə Donbasa 300 avstraliyalı hərbçi gələcək. Növbəti mərhələdə isə hollandiyalı hərbçilər fəaliyyətə başlayacaq.