Azərbaycanda  müəllimlərin fəaliyyət keyfiyyətinə, bilik və bacarıqlarının səviyyəsinə görə diferensial əməkhaqqı müəyyənləşdiriləcək

Azərbaycanda  müəllimlərin fəaliyyət keyfiyyətinə, bilik və bacarıqlarının səviyyəsinə görə diferensial əməkhaqqı müəyyənləşdiriləcək
# 01 mart 2015 20:16 (UTC +04:00)

Bakıda orta məktəblərdə müəllimlərin ixtisarı prosesi aparılmayacaq, ddiaqnostik qiymətləndirilmədə iştirak etməmiş müəllimlərə bu prosesi keçmək imkanı yaradılacaq

Bakı. Ramiz Mikayıloğlu-APA. Prezident İlham Əliyev tərəfindən müəllimlərin bilik və səriştəsinin diaqnostik qiymətləndirilməsinin nəticələri nəzərə alınaraq, bu prosesdə iştirak etmiş müəllimlərin dərs yükü və əməkhaqqı artırılıb. Müəllimlərin həm dərs yükünün, həm də əməkhaqqının artırılması ehtiyacı sistemin qeyri-optimal olmasından qaynaqlanırdı. Bakıdakı məktəblərdə çalışan 30 min müəllimin dərs yükü orta hesabla 18 saat civarındadır. Odur ki, müvafiq sərəncamın icrası çərçivəsində heç bir müəllimin ixtisarı nəzərdə tutulmur”.

APA-nın məlumatına görə, bu, təhsil naziri Mikayıl Cabbarovun 2014-cü ildə təhsil sahəsində görülən işlərlə bağlı yazdığı və “Azərbaycan” qəzetində işıq üzü görən hesabat xarakterli məqaləsində əksini tapıb.

Təhsil naziri qeyd edib ki, hər zaman müəllimlərin əməkhaqqının artırılması məsələsi müzakirə olunarkən bunun icrası yolları və forması əsas suallardan biri kimi qarşıda durub: “Düşünürdük ki, əməkhaqqı artımı, ilk növbədə, təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir. Bütün bu məsələlərin həlli üçün aparılan müzakirələrdə təhsil sisteminin səmərəli fəaliyyət imkanları tapıldı və ən qısa müddətdə təhsil alanların bunu hiss etməsi üçün yollar müəyyənləşdirildi. Növbəti mərhələdə isə diaqnostik qiymətləndirmə ilə ölkəmizin bütün regionlarında çalışan müəllimlərin əhatə edilməsi nəzərdə tutulub”.

Təhsil naziri nəzərə çatdırıb ki, hazırda qanunvericiliyə uyğun olaraq, regionlardakı ucqar kənd məktəblərində çalışan bir çox müəllimlərə əlavə ödənişlər və əlavə güzəştlər tətbiq olunur. Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişikliklər edilib: “Həmin qərar nəticəsində müvafiq təhsil müəssisələrindəki vakansiyaların azaldığını müşahidə edirik. Bütün bunlar təhsil sistemində kadr potensialının optimallaşdırılması üçün tətbiq olunan təşviq mexanizmlərindən biridir”.

M. Cabbarov vurğulayıb ki, təhsil sisteminin optimallaşdırılmasına uyğun olaraq, müəllim-şagird nisbətinə diqqət yetirilməsi olduqca vacib məsələlərdəndir. Təhsil naziri onu da nəzərə çatdırıb ki, bu gün region ölkələri ilə müqayisədə Azərbaycanda bir müəllimə düşən şagird sayı göstəricisi daha aşağıdır: “Müəllimlərin dərs yükünün müvafiq həddə çatdırılması ilə müəllim-şagird nisbəti də normal məcraya düşəcək. Bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılmasını prosesin ilk mərhələsi kimi səciyyələndirə bilərik. Növbəti mərhələdə isə müəllimlərin fəaliyyət keyfiyyətinə, bilik və bacarıqlarının səviyyəsinə görə diferensial əməkhaqqının müəyyənləşdirilməsi nəzərdə tutulur. Müəllimləri maraqlandıran bir məsələyə də toxunum ki, paytaxt məktəblərində çalışan, diaqnostik qiymətləndirilmədə hər hansı bir səbəbdən iştirak etməmiş müəllimlərə də bu prosesi keçmək imkanı yaradılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR