Fransada Azərbaycan dili və mədəniyyətinin tədrisi üzrə bakalavr, magistr və doktorant proqramları nəzərdən keçiriləcək

Fransada Azərbaycan dili və mədəniyyətinin tədrisi üzrə bakalavr, magistr və doktorant proqramları nəzərdən keçiriləcək
# 14 noyabr 2014 07:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov Fransaya işçi səfəri çərçivəsində Fransa Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunda (İNALCO) olub. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, institutun prezidenti Manuel Frankla görüşdə Fransa-Azərbaycan münasibətlərinin inkişaf etdiyi diqqətə çatdırılıb, son illər institutla Heydər Əliyev Fondu arasında əlaqələrin yaranması, İNALCO-da Azərbaycan dilinin tədrisinə marağın artması yüksək qiymətləndirilib, təhsil sahəsində əməkdaşlığın davam etdirilməsi istiqamətində razılıq əldə olunub. Həmçinin Təhsil Nazirliyi tərəfindən bu məsələyə lazımi dəstək veriləcəyi xüsusi vurğulanıb. Görüşdə Fransa kimi inkişaf etmiş bir ölkədə Azərbaycan dilinin tədrisinin böyük əhəmiyyət kəsb etdiyi nəzərə çatdırılıb.

İNALCO-nun prezidenti M.Frank rəhbərlik etdiyi tədris ocağında Azərbaycan dilinə xüsusi marağın olduğunu, son illər tələbələr arasında dilini öyrənmək istəyənlərin sayının artdığını söyləyib. O, əvvəlki illərdən fərqli olaraq Azərbaycan dilinin tədrisinə ayrılan saatların sayının artdığını, bu templə yaxın zamanlarda Azərbaycan dili və mədəniyyətinin tədrisi üzrə bakalavr, gələcəkdə isə magistr və doktorant proqramlarının nəzərdən keçiriləcəyini qeyd edib.

Mikayıl Cabbarov ölkələr arasında əlaqələrin hərtərəfli şəkildə inkişaf etdiyini, təhsil sahəsində əməkdaşlığın xüsusi önəm daşıdığını, Fransada Azərbaycan dilinə və onun tədrisinə marağın artmasının çox sevindirici və təqdirəlayiq hal olduğunu bildirib.

Təhsil naziri Azərbaycan dilinin tədris olunduğu qrupun tələbələri ilə də görüşüb. Azərbaycan dilini tədris edən elmlər doktoru Aygün Eyyubova Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2008-ci ilin noyabrında institutda olduğunu və Azərbaycan dilinin tədrisi ilə yaxından maraqlandığını xatırladıb. O, Heydər Əliyev Fondu ilə institut arasında Azərbaycan dilinin tədrisi ilə bağlı müqavilə bağlandığını bildirib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və institutun rəsmiləri də görüşlərdə iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR