Azərbaycan hökuməti 47-ci Beynəlxalq Kimya Olimpiadasının iştirakçılarına təbrik məktubu göndərib

Azərbaycan hökuməti 47-ci Beynəlxalq Kimya Olimpiadasının iştirakçılarına təbrik məktubu göndərib
# 21 iyul 2015 10:16 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Əminəm ki, paytaxtımızda keçirəcəyiniz günlər sizə xoş təəssürat və gözəl əhval-ruhiyyə bəxş edəcək. Olimpiadanın təşkili üçün bütün qayğıları öz üzərinə götürən Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, onun rəhbərliyi bu günlərdə hər bir iştirakçıya lazımi kömək və dəstəyi göstərəcək”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 47-ci Beynəlxalq Kimya Olimpiadasının iştirakçılarına göndərdiyi təbrik məktubunda deyilir.

Məktubu oxuyan baş nazirin müavini İsmət Abbasov Azərbaycanın tarix boyu dünyada neft ölkəsi kimi tanındığını bildirib: “Neftlə bağlı bir çox hadisələr, kəşflər və ixtiralar məhz Bakı şəhərinin adı ilə bağlıdır. Burada sənaye üsulu ilə qazılan neft quyusu fontan vurub, ilk neft kəməri çəkilib, ilk neft emalı zavodları inşa edilib. Neft-kimya sənayesinin bünövrəsi qoyulub. Bütün bunlar ölkəmizdə kimyanın inkişafına böyük təkan verib. Bu ənənələr indi də davam etdirilir və keçirilən olimpiada bir daha bunu təsdiq edir. Bəşəriyyəti faşizm adlı bəla ilə üzləşən zaman azərbaycanlı alim Yusif Məmmədəliyevin rəhbərliyi altında SSRİ təyyarələri üçün yüksək oktanlı benzin kəşf olunub. Ölkə başçısı İlham Əliyev 2003-cü ildə informasiya cəmiyyəti üzrə ümumdünya sammitində çıxışı zamanı “Ölkənin qara qızılını insan kapitalına çevirək” şüarını səsləndirdi. Azərbaycanın qət etdiyi yolda bu şüarın mühüm əhəmiyyəti olub”.

Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında təhsilə, elmə çox ciddi yardım göstərilir: “Qəbul olunmuş xüsusi proqram çərçivəsində azərbaycanlı gənclər dünyanın ən aparıcı universitetlərində hər il dövlət hesabına öz təhsillərini davam etdirirlər. Eyni zamanda, Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin, idmanın inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın da gördüyü işlər çox böyükdür. Mən hər bir iştirakçıya uğur arzu edirəm! Bu gün, iyul ayının 21-i Azərbaycan tarixinə gənclərin intellektual yarışı kimi daxil olacaq. Ümidvaram ki, bu yarış kimya olimpiadaları tarixində parlaq səhifə yazacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR