Avropa Oyunları zamanı nəqliyyat məlumatlarını ötürəcək ümumi izləmə monitoru yenilənib

Avropa Oyunları zamanı nəqliyyat məlumatlarını ötürəcək ümumi izləmə monitoru yenilənib
# 04 may 2015 12:59 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) I Avropa Oyunları ilə əlaqədar Mərkəzin qarşısına qoyulan tədbirlərin həll olunması üçün mühüm işlər həyata keçirib.

Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, I Avropa Oyunları ilə bağlı idman yarışlarının keçiriləcəyi ərazilərdə NİİM tərəfindən işlənib hazırlanmış yol hərəkətinin idarə edilməsi planına əsasən, Oyunlar zamanı nəqliyyat əməliyyatlarının şəhər nəqliyyatının normal fəaliyyətinə minimal təsirini və təhlükəsizliyin təmin edilməsi ilə bağlı Olimpiya Təşkilat Komitəsinin Nəqliyyat Koordinasiya Qrupu ilə birgə davamlı işlər görülməkdədir.

Hazırda bu obyektlərlə bağlı Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsi (BEGOC) ilə birgə test işləri həyata keçirilir. Həmçinin, I Avropa Oyunları ilə bağlı oyunların keçiriləcəyi istiqamətlər üzrə əsas marşrutlar və idman obyektlərinə marşrutlar müəyyən olunub. Nəzərdə tutulan idman obyektləri üzrə bütün marşrutlar və əsas marşrut üzrə hərəkət üçün işlər yerinə yetirilib.

NİİM-də I Avropa Oyunları zamanı Oyunlar keçiriləcək ərazilərdə nəqliyyat axınının izlənilməsini və nəqliyyat məlumatlarının ötürülməsinin daha operativ təşkili üçün ümumi izləmə monitorunda (BARCO) aparılan yenilənmə işləri başa çatdırılıb. Ümumi sahəsi 120 kvadratmetr olan monitor müasir texnologiyaya cavab verən LED işıqlarla əvəz olunub. Bu isə daha dəqiq və mükəmməl görüntü, enerjiyə qənaət və monitorun daha effektiv çalışması deməkdir.

Qeyd edək ki, NİİM I Avropa Oyunlarının nəqliyyat məsələləri üzrə qərargahı seçilib və I Avropa Oyunları zamanı bütün nəqliyyat əməliyyatları buradan idarə olunacaq.

Oyunlar zamanı nəqliyyat məsələləri ilə bağlı aidiyyəti üzrə bütün qurumların səlahiyyətli nümayəndələri qərargahda olacaq və qərargah 24 saat fəaliyyət göstərəcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR