“Bakı Metropoliteni”nin "Həzi Aslanov” stansiyasının dalan yollarında yenidənqurma işləri başa çatıb. Yekun sınaqlar uğurla başa çatdıqdan sonra yaxın günlərdə dalan yolunun istismara verilməsi nəzərdə tutulur.
"APA-Economics" xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Həzi Aslanov” stansiyasının dalan yollarının tikintisinə 1980-ci illərdə başlanılıb, lakin müəyyən səbəblərdən işlər uzun müddət yarımçıq qalıb. Tikinti işləri yalnız 2002-ci ildə tamamlanıb və dalan yolları istismara verilib.
Məmməd Rzayev onu da bildirib ki, tikilinin uzun müddət açıq hava şəraitində qalması, mürəkkəb hidrogeoloji şərait, aqressiv qrunt mühiti və istismar amilləri nəticəsində dalan yollarının daşıyıcı dəmir-beton konstruksiyaları korroziyaya uğrayıb. Bu səbəbdən həmin konstruksiyaların sökülərək yenidən inşa edilməsi zərurəti yaranıb.
“Bu layihə adi təmir işi deyil. O, mürəkkəb mühəndislik həllərinin və yüksək texnologiyaların tətbiqi ilə mövcud yeraltı infrastrukturun əsaslı şəkildə yenilənməsinin mühüm nümunəsidir”, – Məmməd Rzayev qeyd edib.
O əlavə edib ki, layihənin ən mürəkkəb mərhələsi tavan örtüyü saxlanılmaqla yan və orta divarların, yəni daşıyıcı konstruksiyaların tam sökülərək yenidən inşa edilməsi olub.
Tikinti zamanı əsas prioritetlərdən biri həm yeraltı iş sahəsinin, həm də yer səthindəki ətraf tikililərin, yaşayış binalarının və avtomobil yollarının təhlükəsizliyinin təmin edilməsi olub. İşlər şəhərin gündəlik həyatına maneə yaradılmadan həyata keçirilib", - Məmməd Rzayev vurğulayıb.