AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb.
"APA-Economics" xəbər verir ki, dalan yolunun təkrar istismara verilməsi ilə yaxın günlərdə “Həzi Aslanov–Əhmədli” mənzilində məkik hərəkət ləğv olunacaq. “İçərişəhər–Həzi Aslanov” sahəsində qatarların hərəkəti təmirdən əvvəlki qaydada bərpa ediləcək. Beləliklə, Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə təşkil edəcək.
Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
1981–1987-ci illərdə inşası aparılan yol dalanının konstruksiya izolyasiyası 20 ildən artıq istismar dövründə qrunt suları və torpaq erroziyası səbəbindən sıradan çıxmış, güclü korroziyaya uğramışdı.
Aparılan kompleks yenidənqurma çərçivəsində tavan istisna olmaqla, ümumi uzunluğu 1 km-ə yaxın olan dalanın bütün infrastrukturu tam sökülərək yenidən inşa edilib. 6 vaqonlu qatarların qəbulunu təmin etmək üçün hər yol 20 metr uzadılıb.
Gücləndirmə işləri çərçivəsində qrunt, yağıntı və kommunikasiya xətlərindən gələn suların təsirini önləmək üçün 1,5–2 m dərinlikdə məhlulvurma aparılıb, yan və orta divarlar pilləli sökülərək yeni beton konstruksiyalarla əvəzlənib, antikorroziya tədbirləri görülüb. Bakı metropoliteni tarixində ilk dəfə tavanın dözümlülüyünü artırmaq üçün xüsusi sınaqlardan keçmiş karbon lifli materiallardan istifadə olunub, tunel geyiminin arxasında inyeksiya üsulu ilə gücləndirmə aparılıb, divar və tavana mühafizə boyası vurulub.
Yol infrastrukturunda döşəmə örtüyü gücləndirilərək yeni yol yatağı salınıb. Ağac şpallar dəmir-beton bloklu ballastsız yollarla əvəzlənib, 6 yeni yoldəyişdirici qurğu monolit özül üzərində quraşdırılıb. Müasir alüminium əsaslı təmas relsi isə elektrik enerjisinə qənaət etməyə və qulluğu asanlaşdırmağa imkan verir. Eyni zamanda rabitə, elektrik təchizatı, fiber-optik kabellər, yanğın mühafizəsi, videomüşahidə, sanitariya, su-kanalizasiya və havalandırma sistemləri tam yenilənib.
Həyata keçirilən bu layihə metropolitenin mühüm istismar sahəsini texniki cəhətdən müasirləşdirməyə, sərnişindaşımanın keyfiyyətini, təhlükəsizliyini və uzunömürlülüyünü təmin etməyə xidmət edir.
Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalanında dayanıqlılığın artırılması layihəsi 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilib.
***
10.36
“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasında dalanın yenidən qurulması işləri yekunlaşıb.
"APA-Economics" xəbər verir ki, bununla bağlı “Həzi Aslanov” stansiyasında görülmüş işlərlə tanışlıq məqsədilə mediatur təşkil olunub.
Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalanının və stansiyanın dayanıqlılığının artırılması 2025–2030-cu illər üzrə Dövlət Proqramının icra edilməsinə dair tədbirlər planı əsasında həyata keçirilir.