Bu il ərzində Azərbaycanda istehlak xərcləri 10% artıb

Bu il ərzində Azərbaycanda istehlak xərcləri 10% artıb
# 19 avqust 2014 13:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın ticarət şəbəkələrindən hər bir istehlakçı orta hesabla ayda 179,7 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,8% və ya 16,0 manat çox əmtəə alıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əmtəə dövriyyəsinin ümumi həcmində qeyri-ərzaq mallarının xüsusi çəkisi artaraq ötən ilin yeddi ayı ilə müqayisədə 46,2%-dən 49,5%-dək yüksəlib.

Pərakəndə şəbəkədə satılmış qeyri-ərzaq mallarının həcmi 15,0% artaraq 5,8 mlrd. manata çatıb, əmtəə dövriyyəsi üzrə real artımın 78,8%-i qeyri-ərzaq mallarının satışı hesabına təmin edilib. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində qida məhsulları, içkilər və tütün məmulatlarının payı 50,5% təşkil edərək 6,0 mlrd. manata bərabər olub və ötən ilin yanvar-iyul aylarının səviyyəsini 3,5% üstələyib.

Hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 90,7 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 89,0 manatlıq qeyri-ərzaq malları alıb. 2013-cü ilin eyni dövrünün müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alınmasına 13,3 manat daha çox vəsait xərcləndiyi halda, qida məhsulları, içkilər və tütün məmulatları üzrə bu məbləğ 2,7 manata bərabər olub.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,5%-i qida məhsulları, içkilər və tütün məmulatlarının, 18,5%-i toxuculuq malları, geyim və ayaqqabıların, 4,1%-i elektrik malları və mebelin, 0,7%-i kompüter avadanlıqları, kitab və digər çap məmulatlarının, 1,4%-i əczaçılıq və tibbi malların, 7,6%-i avtomobil yanacağının, 17,2%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR