DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb
# 26 oktyabr 2015 08:14 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin oktyabrın 1-ə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 17,65% artıb.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, sentyabr ayı ərzində əlavə olaraq 327 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 26 500 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,3%-ni (23 393 nəfər) kişilər, 11,7%-ni (3 107 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 114 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (13 439 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 903 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 578 nəfərə çatıb.

Sonrakı yerlərdə İran (957), Hindistan (924), Çin (843), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (539), Pakistan (525), Ukrayna (389), Banqladeş (367), Özbəkistan (266), Almaniya (236), Filippin (230), ABŞ (224), Türkmənistan (209), Qazaxıstan (199), Koreya (189), İtaliya (185) və s. ölkələr qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR