Azərbaycan və Gürcüstan arasında uzun illərdir uğurla fəaliyyət göstərən nəqliyyat dəhlizi təkcə iki ölkə üçün deyil, qonşu və region dövlətləri üçün də etibarlı nəqliyyat marşrutu rolunu oynayır.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, son illər dünyada baş verən geosiyasi proseslər və dəyişikliklər bu dəhlizə beynəlxalq marağı xeyli artırıb: “Azərbaycan və Gürcüstanın birgə səyləri nəticəsində Şərq-Qərb və Orta Dəhlizin potensialının artırılması istiqamətində son illər ərzində mühüm işlər görülüb. Bunun nəticəsində dəhliz vasitəsilə daşınan yüklərin həcmi hər il artır”.
Ceyhun Bayramov bu il Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində ötürücülük qabiliyyətinin artırılması işlərinin tamamlanmasını və xəttin tam gücü ilə fəaliyyətə başlamasını xüsusi vurğulayıb.