Xəzər dənizi ilə Qara dənizi birləşdirəcək, Qara dənizin dibi ilə Rumıniya sahillərinə, oradan isə Macarıstan və digər Avropa ölkələrinə uzanacaq kabel layihəsi üzrə texniki işlər başa çatıb.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, layihənin texniki və maliyyə-iqtisadi əsaslandırılması işləri yekunlaşıb.
Onun sözlərinə görə, mütəxəssislər layihənin çoxşaxəli və maliyyə baxımından əlverişli olduğunu düşünürlər.
“Düşünürük ki, yaxın gələcəkdə bu, artıq yeni bir istiqamət olacaq”, – deyə Ceyhun Bayramov qeyd edib.
XİN rəhbəri vurğulayıb ki, Azərbaycan və Gürcüstanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən bu və digər layihələr geniş Avropa məkanının enerji təhlükəsizliyinə ciddi töhfə verir.