Xəzər Strateji İnstitutu Elmi Şurasının sədri: “Türkiyə Xəzər regionundakı təbii müttəfiqləri ilə münasibətləri daha da inkişaf etdirməlidir” - MÜSAHİBƏ

Xəzər Strateji İnstitutu Elmi Şurasının sədri: “Türkiyə Xəzər regionundakı təbii müttəfiqləri ilə münasibətləri daha da inkişaf etdirməlidir”  - <span style="color: red;">MÜSAHİBƏ
# 25 mart 2013 15:48 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İstanbuldakı Xəzər Strateji İnstitutu (HASEN) Elmi Şurasının sədri Əfqan Niftiyevin APA-ya müsahibəsi

- İstanbulda Xəzər Strateji İnstitutu yaratmaq zərurəti haradan ortaya çıxdı?

- Xəzər Strateji İnstitutu 8 aydır ki, fəaliyyət göstərir. Əsas məqsədimiz Türkiyə ilə Azərbaycan və digər Xəzəryanı ölkələr arasındakı əlaqələrin müxtəlif sahələrə yayılmasına kömək etməkdir. Biz inanırıq ki, istənilən ölkə inkişaf etmiş və rifah səviyyəsi yüksək bir ölkə olmaq istəyirsə, ətrafındakı ölkələr də o şəkildə inkişaf etməlidir. Son illərdə Qazaxıstanın, Azərbaycanın və Türkiyənin inkişafında müsbət dəyişikliklər oldu. Misal göstərmək lazım gələrsə, deyə bilərəm ki, 2002-ci ilin əvvəli ilə müqayisədə indi Türkiyənin milli gəliri 3 dəfə artıb. Neft gəlirlərinin Azərbaycan büdcəsinə daxil olmağa başlamasından sonra bizim iqtisadiyyatımız da sürətlə inkişaf etdi. Eyni sözləri Qazaxıstan haqqında da deyə bilərəm. SSRİ-nin dağılmasından sonra müstəqil olan Qazaxıstan, Türkmənistan və Azərbaycandan başqa, biz Gürcüstan, Özbəkistan və Qırğızıstanla da yaxın əlaqələr yaratmağı qarşımıza məqsəd qoymuşuq. Biz bu bölgəni Türkiyədən başlayıb Çin sərhədinə qədər uzanan bir bölgə kimi görürük. 20 il əvvəl bizim neft və qaz ehtiyatlarımızdan istifadə edə bilməyimiz üçün nə sərmayəmiz, nə də texnologiyamız vardı. Ancaq indi görürük ki, istər Azərbaycan, istərsə də Qazaxıstan böyük ölçüdə həm sərmayə, həm də texnologiya problemini həll ediblər. Ona görə də öz təbii ehtiyatlarımızı dünya bazarına çıxarmaq üçün biz Türkiyədən yaxşı istifadə edə bilərik. Azərbaycanın güclü iqtisadi potensialı onun güclü xarici siyasət yürüdə bilməsi imkanını da özü ilə gətirib-gəlir və bu potensialı Xəzəryanı dövlətlər arasındakı çoxşaxəli münasibətlərdə koordinasiya mexanizminə çevirmə imkanı ortaya çıxır. İndi biz daha çox işlər görə bilərik ki, bunun ən gözəl örnəklərindən biri Azərbaycan ilə Türkiyə arasında imzalanmış TANAP layihəsidir. Türkiyə enerjiyə ehtiyacı getdikcə artan ölkələr sırasında Çindən sonra ikinci yerdədir. Müqayisə üçün deyim ki, 2002-ci illə müqayisədə indi Türkiyənin qaz istehlakı 3 dəfə artıb. Bu da Azərbaycan-Türkiyə əlaqələri üçün çox mühüm faktora çevrilib. Bizim münasibətlərmiz siyasi sahədə yaxşı inkişaf edir, “Bir millət, iki dövlət” deyiminin şərtlərini yerinə yetirməyə çalışırıq, ancaq eyni zamanda, iqtisadi, sosial və s. sahələrdə də münasibətlərin inkişaf etdirilməsi lazımdır. Əlaqələrin geniş spektrə yayılması münasibətlərin təməlini daha da sağlamlaşdıracaq. Mən Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri oxun yayına bənzədirəm, oxu atmaq üçün nə qədər çox yay olsa, o yaylardan bəziləri qırılsa belə, o biri yaylar münasibətləri kökündən sarsıtmayacaq. Bizim uzunmüddətli strateji hədəflərmizlə Türkiyənin uzunmüddətli strateji hədəfləri arasında oxşarlıq çoxdur. Bizim kimi düşüncə və araşdırma qurumları öz yazıları, proqnozları, analizləriylə qərar verici mexanizmlərə tövsiyələr verə bilər. Əsas məqsədimiz əlaqələrimizin daha çoxşaxəli və daha sarsılmaz vəziyyətə gətirilməsinə nail olmaqdır.

- Bir düşüncə qurumu olaraq Türkiyədə iqtisadiyyat, siyasət, hüquq, mədəniyyət, təhsil və s. sahələrə aid fəaliyyətləriniz də olacaqmı?

- Biz həm Xəzər bölgəsi, həm də Türkiyə üçün “beyin fırtınası” toplantıları keçirməyi və raportlar hazırlamağı nəzərdə tuturuq. Bizim fəaliyyətimizin əsas istiqaməti enerjidir. Bilirsiniz ki, Türkiyənin cari büdcə kəsirinin əsas hissəsi idxal olunan enerjidən yaranır. Hər il enerji idxalına Türkiyə təxminən 50 milyard dollar ödəyir. Nefti və qazı olmayan Türkiyənin hidravlik enerji, atom enerjisi və kömürdən əldə edilən enerjiyə diqqət yetirməsini vacib sayırıq. Türkiyə nüvə enerjisinə yönəlməkdən çəkinməməlidir, çünki sağlam infrastruktur ilə qüsursuz təhlükəsizlik tədbirləri birləşdirilərsə, nüvə enerjisindən istifadədən çəkinməmək lazımdır. İqtisadi və siyasi baxımdan Türkiyə Orta Şərq ölkələriylə münasibətlərini inkişaf etdirir, biz eyni zamanda Ankaranın təbii müttəfiqləriylə, yəni Xəzər regionuyla da münasibətləri daha çox inkişaf etdirməsini istəyirik. Biz bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi, dövlətin digər qurumları, universitetlər, QHT-lərlə əlaqə yaradırıq, məsələni ölkənin gündəmində qalıcı hala gətirməyə çalışırıq. Türkiyə üçün çox böyük potensial onun təbii müttəfiqlərinin olduğu yerlərdə yatır. Biz Astanaya, Bişkekə, Daşkəndə, Aşqabada, Tiflisə gedəndə bunun şahidi oluruq. ARDNŞ-la bağlı bunu demək istəyirəm ki, Türkiyəyə ən böyük investisiya Azərbaycandan gəlib. Türkiyə özünün xarici siyasətində Xəzəryanı ölkələrlə münasibətlərin dərinləşməsinə xüsusi diqqət yetirməldir. Bizim beynəlxalq siyasətə inteqrasiya prosesimizdə Türkiyənin rolu həmişə müsbət olub və bundan sonra daha da güclü olmalıdır.

- Türkiyədən Qafqaza baxanda hamı görür ki, bölgəni narahat edən ölkə Ermənistandır. Azərbaycan torpaqlarını 25 ildən bəri işğal altında saxlayan Ermənistan, eyni zamanda Türkiyəyə qarşı “soyqırım” böhtanı atmağa davam edir, torpaq və təzminat iddiaları irəli sürür. Yəqin ki, siyasətə dair çalışmalarınızda bu məsələyə öncəlik verirsiniz...

- Biz özümüz çalıb özümüz oynamırıq, gündəmdə olan və olmayan bütün önəmli regional məsələləri beynəlxalq arenaya çıxarmağa çalışırıq. Ermənistanın Azərbaycan torpaqlarını işğal edərək yaratdığı konflikt bölgənin bütün baxımlardan inkişafına mane olan ən önəmli faktordur. Bu konfliktin mümkün olan ən yaxın zamanda həlli vacibdir. Bölgədəki münaqişələrlə bağlı bizim ən təməl prinsipimiz - bu problemlərin bölgə ölkələrinin ərazi bütövlüyü çərçivəsində həll edilməsidir. Buraya Gürcüstanın da, Azərbaycanın da problemləri daxildir. Bölgədə marağı olan heç bir dövlət bizim xarici siyasətimizə təsir göstərməyi düşünməməlidir. Biz bununla bağlı yaxın keçmişdə Brüsseldə tədbir keçirdik. Yaxın gələcəkdə isə bizim ABŞ-dakı tərəfdaşımız olan Brookings İnstitutu ilə Vaşinqtonda geniş tərkibli tədbir keçirərək məsələni ABŞ-ın gündəminə bir daha gətirəcəyik. “Xəzər toplantıları” adlı silsilə toplantılarımızı biz dünyanın önəmli güc mərkəzlərində keçirməyi planlaşdırmışıq. Burada bizim 22 daimi ekspertimiz işləyir, onlar müxtəlif sahələrə dair analiz və raportlar hazırlayır, keçirdiyimiz tədbirlərlə bu məsələnin dünya gündəmində qalmasına çalışırıq. Biz koordinasiya olunmuş tədbirlərimizin müsbət nəticələr verəcəyinə inanırıq. Bunu da unutmayaq ki, son nəticədə biz qərar verici deyilik, ancaq biz qərar mexanizmlərinə obyektiv məsləhətlər verdiyimizə inanırıq.

- Xəzəryanı dövlətlərin içində Rusiya və İran da var. Fəaliyyətinizə o ölkələr nə dərəcədə dəstək verir? Hər hansı reaksiyaları varmı?

- Bölgədəki ölkələr arasında problemlərin olduğu heç kimə sirr deyil, ancaq biz problemlər yox, qarşılıqlı etimad mühiti yaratmağa çalışırıq. Bölgədəki hər bir ölkə dünya siyasi sisteminin bərabərhüquqlu üzvüdür və əlaqələrin bu prinsip üzərində qurulmasını istəyirik. Heç bir ölkə o birinə öz maraqlarını diktə etməyi düşünməməlidir. Bərabər hüquqlar çərçivəsində hərəkət edilərsə, biz inanırıq ki, Xəzər bölgəsində yüksək rifah səviyyəsi yaratmaq olar. Biz İranı və Rusiyanı 6 dekabr 2012-də keçirdiyimiz Xəzər forumuna dəvət etdik. Onların Türkiyədəki səfirlik və konsulluqları ilə əlaqə saxlayırıq. Rusiya və İranın Xəzərdəki son silahlanma həmlələri bölgədə sülhə yox, gərginliyi artırmağa xidmət edir. Hər kəs bir-birinin suverenliyinə və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə hörmət etməlidir. Xəzəryanı ölkələr sərbəst şəkildə enerji istehsal edə bilməli və istədiyi yollardan dünya bazarına çıxara bilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR