Azərbaycan banklarının mənfəətinin illik artım tempi azalıb

Azərbaycan banklarının mənfəətinin illik artım tempi azalıb
# 13 fevral 2013 13:31 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2012-ci il ərzində 169,91 mln. manat həcmində vergi ödənilənədək mənfəət qazanıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilə nisbətən bu göstərici 5,7% artıb.

Qeyd etmək lazımdır ki, 2011-ci ildə mənfəətin artımı 20,75 mln. manat və ya 14,8% olub və beləliklə, bankların mənfəətinin artım tempi azalıb.

Ötən ilin yanvar-noyabr ayları ərzində bankların məcmu mənfəəti 168,18 mln. manat təşkil edib. Yəni, dekabr ayında banklar cəmi 1,73 mln. manat mənfəət qazanıb ki, bu da 2011-ci ilin dekabrına nisbətən 23 dəfə azdır.

Ötən il bankların faiz gəlirləri 1 257,82 mln. manat, faiz xərcləri 660,95 mln. manat təşkil edib və nəticədə faiz mənfəəti 596,84 mln. manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 367,29 mln. manat, qeyri-faiz xərcləri isə 635,80 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 268,51 mln. manat həcmində zərər yaranıb.

Qeyd edək ki, 2012-ci il ərzində Azərbaycanın 33 kommersiya bankı mənfəətlə, 10-u isə zərərlə işləyib. Mənfəətli banklar üzrə məcmu mənfəət 195,51 mln. manat, zərərlə işləyən bankların məcmu zərəri isə 65,50 mln. manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR