Los Ancelesdə “Əsrin Müqaviləsi”nin 20-ci ildönümü qeyd olunub - FOTOSESSİYA

Los Ancelesdə “Əsrin Müqaviləsi”nin 20-ci ildönümü qeyd olunub - <span style="color: red;">FOTOSESSİYA
# 20 sentyabr 2014 10:10 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Kaliforniyanın nüfuzlu təhsil ocaqlarından olan Cənubi Kaliforniya Universitetinin (USC) mühəndislik fakültəsi ilə birgə “Əsrin Müqaviləsi”nin 20-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, tədbirdə universitetin professor və tələbələri, neft sahəsi üzrə müxtəlif təhsil və tədqiqat mərkəzlərinin tanınmış alimləri və digər şəxslər iştirak ediblər.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək 1994-cü ilin 20 sentyabrında "Əsrin Müqaviləsi" adlı tarixi sənədin imzalandığını, bununla da Azərbaycanın neft strategiyasının və enerji siyasətinin bünövrəsinin qoyulduğunu bildirib. Baş konsul bu müqavilə ilə bir əfsanənin reallığa çevrildiyini, Azərbaycan xalqının sosial-iqtisadi həyatında və ölkənin inkişafında dönüş nöqtəsi yaratdığını qeyd edərək, bu strategiyanın hazırda ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın regionda siyasi və iqtisadi güc mərkəzinə çevrildiyini söyləyib. Azərbaycanın apardığı enerji siyasətinin ABŞ-la münasibətlərdə xüsusi yer tutduğunu vurğulayan baş konsul iki ölkə arasında münasibətlərin inkişafında "Əsrin Müqaviləsi"nin böyük rol oynadığını qeyd edib.

Daha sonra universitetin neft texnologiyaları üzrə professoru Fred Aminzadə çıxış edərək Azərbaycanın neft istehsalı və sənayesi ilə bağlı təcrübələrindən danışmış, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının istismar prosesi barədə məlumat verib.

Tədbirin sual-cavab qismində qonaqları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir ziyafət və Azərbaycan rəqsləri və mahnılarının ifası ilə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR