İƏT-ə üzv ölkələrin əmək nazirlərinin Bakıda keçirilən ikinci konfransı başa çatıb

İƏT-ə üzv ölkələrin əmək nazirlərinin Bakıda keçirilən ikinci konfransı başa çatıb
# 26 aprel 2013 11:16 (UTC +04:00)

APA-nın xəbərinə görə, konfransın yekunu olaraq təşkilata üzv ölkələr arasında əmək və məşğulluq məsələləri ilə bağlı Bakı Çərçivə Sənədi, Bakı Bəyannaməsi və Əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq üzrə Qətnamə yekdilliklə qəbul olunub.

Sənədlər təşkilata üzv ölkələr arasında işsizliyin azaldılması, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması və beynəlxalq standartlara çatdırılması, onun məhsuldarlıq səviyyəsinin yüksəldilməsi, təhsil sistemi ilə əmək bazarı arasında uyğunsuzluğun aradan qaldırılması, əməyin mühafizəsi, qeyri-leqal məşğulluq hallarına son qoyulması və digər sahələrdə uzunmüddətli əməkdaşlıq prioritetlərini nəzərdə tutur. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, bir milyondan artıq azərbaycanlının doğma yurdlarından məcburən qaçqın və köçkünə çevrilməsi, o cümlədən işğal edilmiş ərazilərdə yüz minlərlə iş yerinin qalması konfransda vurğulanıb. Qətnamədə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz boşaldılması barədə müddəa da əksini tapıb. İƏT-ə üzv ölkələr arasında əmək və məşğulluq məsələləri ilə bağlı uzunmüddətli əməkdaşlıq prioritetləri üzrə əlaqələndirmə işlərini yerinə yetirmək üçün təşkilatın xüsusiləşdirilmiş orqanının yaradılması, bu orqanın Bakıda fəaliyyət göstərməsi barədə Azərbaycan tərəfinin təklifi yekdilliklə dəstəklənib və qeyd olunan sənədlərə daxil edilib.

Konfransa sədrlik edən Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov yekun çıxışında bildirib ki, sənədlər İƏT-ə üzv ölkələr arasında əmək və məşğulluq sahələrində aktiv siyasətlərin hazırlanması və icrasında qarşılıqlı təcrübə və məlumat mübadilələrinin aparılmasına, məlumat şəbəkəsinin qurulmasına səbəb olacaq. Sənədlərə əsasən, Azərbaycan növbəti konfransa qədər olan müddətdə vahid əlaqələndirmə şəbəkəsinə məsul bir ölkə kimi seçilib. Bu vəzifənin İƏT-in və təşkilata üzv ölkələrin inam və etimadına layiqli şəkildə icra ediləcəyini deyən nazir F.Ələkbərov həmçinin bu təşkilat yanında əmək məsələləri üzrə xüsusiləşdirilmiş orqanın yaradılması və onun səmərəli fəaliyyəti üçün bütün səylərin göstəriləcəyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR