Tatarıstanda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbəri Xocalı soyqırımı ilə bağlı tədbirlərin əleyhinə çıxıb

Tatarıstanda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbəri Xocalı soyqırımı ilə bağlı tədbirlərin əleyhinə çıxıb
# 27 fevral 2013 12:22 (UTC +04:00)

Bakı - APA. “Azatlık” Tatar Gənclər İttifaqının fəalları Kazanın Bauman küçəsində Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə aksiya keçiriblər. APA-nın “Tatar-inform”a istinadən yaydığı məlumata görə, “Azatlık” Tatar Gənclər İttifaqının rəhbəri Nail Nabibullin bildirib ki, aksiyanın keçirilməsində məqsəd qardaş Azərbaycan xalqına başsağlığı vermək və xalqımızla həmrəylik nümayiş etdirməkdir. Onun sözlərinə görə, təşkilatın onlarla üzvü gün ərzində əllərində plakatlar küçədə dayanaraq sakinlərə Xocalı soyqırımı barədə məlumatlar verəcəklər. Nail Nabibullin aksiyanı öz təşəbbüsləri ilə keçirdiklərini, bu məsələnin Tatarıstandakı Azərbaycan diasporu ilə müzakirə olunmadığını deyib.

Tatarıstan Respublikasında Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbərinin səlahiyyətlərini icra edən Sübhan Əhədzadə isə “Tatar-inform”a bildirib ki, bu cür aksiyaların keçirilməsinin əleyhinədir: “Bu gün belə bir aksiyanın keçirilməsi məni pis mənada təəccübləndirdi. Bu təşkilatın adını ilk dəfədir eşidirəm və belə bir tədbir keçiriləcəyindən xəbərsiz idim. Mən qəti şəkildə bunun əleyhinəyəm. Bizimlə heç kim məsləhətləşməyib və bütün bunlar düzgün addım deyil”.

Sübhan Əhədzadə bildirib ki, Tatarıstan və Rusiyada müxtəlif xalqlar yaşayır və bu, dostluq münasibətlərini qoruyub saxlamaq lazımdır: “Xocalıda baş verənlər – bizim dərdimizdir, lakin bu hadisələrə həsr olunmuş tədbirlər keçirmək lazım deyil. Mən qəti şəkildə bunun əleyhinəyəm. Rusiya çoxmillətli ölkədir, Azərbaycan və Ermənistanın problemləri isə erməni və azərbaycanlıların problemi olaraq qalıb. Lakin bura Rusiyadır və burada belə addımlara yol vermək olmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR