MTN-in Akademiyasında Bilik Gününə həsr olunmuş təntənəli mərasim keçirilib

MTN-in Akademiyasında Bilik Gününə həsr olunmuş təntənəli mərasim keçirilib
# 15 sentyabr 2012 12:13 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 15 sentyabr – Bilik Gününə həsr olunmuş təntənəli mərasim keçirilib. Nazirliyin İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, əvvəlcə əlaçı kursantlar tərəfindən Dövlət Bayrağı qaldırılıb və dövlət himni səsləndirilib. Akademiya rəisinin birinci müavini, general-mayor Şahin Sultanov yeni tədris ilinin başlanması münasibəti ilə professor-müəllim heyətini, dinləyiciləri və kursantları təbrik edərək onlara uğurlar arzulayıb.

Kursantlara daim yüksək nizam-intizam, nümunəvi davranış nümayiş etdirməyi, tədrisə məsuliyyətlə yanaşmağı, vətənə, xalqa, dövlətə sədaqətli olmağı tövsiyə edən Ş.Sultanov qeyd edib ki, həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr edən Heydər Əliyevin ömür yolu hamı üçün bir örnək, həyat məktəbi olmalıdır. Müasir tələblərə cavab verən, hərtərəfli hazırlıqlı zabit kimi yetişmək üçün ulu öndərin azərbaycançılıq irsini mənimsəmək hər bir kursantın vətəndaşlıq borcudur.

Ş. Sultanov bu xüsusi təyinatlı ali təhsil müəssisəsində yaradılmış yüksək şəraitə, daimi diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə Akademiyanın şəxsi heyəti adından minnətdarlığını bildirib.

Tədbirin sonunda kursantlar təntənəli marşla tribunanın önündən keçərək biliklərə yiyələnmək üçün auditoriyalara yollanıb və Akademiyada yeni tədris ili başlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR