Şəmkirdə sahibkarlara 600 min manat güzəştli kreditlər verilib

Şəmkirdə sahibkarlara 600 min manat güzəştli kreditlər verilib
# 14 sentyabr 2012 13:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda növbəti tədbirini Şəmkir rayonunun Təzəkənd kəndində keçirib.

Nazirlikdən «APA-Econiomics»ə verilən məlumata görə, 100-dək sahibkarın iştirak etdiyi tədbirdən əvvəl əsas hissəsi SKMF-in güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Şəmkir rayonunun Sarıtəpə qəsəbəsində «AZAQRO» MMC-nin müasir istixana kompleksində aparılan yenidənqurma işlərinə və Qapanlı kəndində sahibkar Ramin Hüseynovun müasir istixana kompleksinin fəaliyyətinə baxış keçirilmişdir.

Tədbir çərçivəsində Şəmkir rayonunun iqtisadi potensialına uyğun olaraq güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək istehsalı, meyvə-tərəvəz və üzüm emalı müəssisələrinin, soyuducu anbar kompleksinin, kiçik və ya orta həcmli istixana, həmçinin kiçik və ya orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, Gəncə-Qazax iqtisadi rayonunda dövlət proqramları çərçivəsində sahibkarlığın inkişafı istiqamətində görülmüş və görüləcək işlər barədə çıxış ediblər.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirib ki, bu ilin əvvəlindən Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 1800-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 159 mln. manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına 7 minə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ş.Abdullayev bildirib ki, 2012-ci ilin ötən dövrü ərzində Gəncə-Qazax iqtisadi rayonunda bugünkü tədbirdə verilən güzəştli kreditlər də daxil olmaqla 2600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 92 milyon manata yaxın güzəştli kredit verilib.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkarlıq subyektinə 600 min manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 70-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR