AŞPA komitəsi Kristofer Ştrasserin Azərbaycan üzrə hazırladığı hesabatı qəbul edib

AŞPA komitəsi Kristofer Ştrasserin Azərbaycan üzrə hazırladığı hesabatı qəbul edib
# 26 iyun 2012 16:10 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, günortadan sonra keçirilən iclasda Almaniyadan olan parlamentari Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hazırladığı hesabat üzrə qətnamə layihəsi qəbul olunub.

Bu haqda jurnalistlərə açıqlama verən AŞPA-dakı Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sözü gedən qətnamənin 25 lehinə, 23 əleyhinə səslə qəbul edildiyini bildirib.

Xatırladaq ki, bu gün səhər bu komitənin « Siyasi məhbus anlayışının təsnifi» adlı hesabat da qəbul edilib. Hər iki qətnamə layihəsi AŞPA-nın payız sessiyasında müzakirə ediləcək.

Komitədə aparılan müzakirələr barədə danışan S. Seyidov bunları deyib: «Komitədə xeyli insan Azərbaycanla bağlı konkret mövqeyini bildirdi və səsvermə onu göstərdi ki, bir çox deputatlar Azərbaycanın mövqeyini dəstəkləyir. Komitədə belə bir münasibətin olması onu göstərir ki, vaxtilə bir-iki nəfər bizi dəstəkləyirdisə, indi daha çox deputat bunu edir. Bu gün səhər və günortadan sonra Komitədə qəbul olunan hər iki qətnamə payız sessiyasında müzakirəyə çıxarılacaq və biz burada da öz sözümüzü deyəcəyik, öz mövqeyimizi göstərəcəyik. Ciddi müzakirələr payızda olacaq”.

S. Seyidov onu da deyib ki, bugünkü müzakirələr birbaşa ikili standartların göstəricisidir: “Burada vacib fakt ondan ibarətdir ki, Avropa Şurasının ən vacib komitələrindən biri olan İnsan hüquqları və hüquq məsələləri Komitəsi özü də başa düşür ki, burada ikili standartlı yanaşma var. Mən neçə ildir burdayam və görməmişəm ki, belə ikitirəlik olsun, burda faktiki olaraq bir neçə bənd ümumiyyətlə, keçmədi, sənəddən çıxarıldı. Bir də deyirəm, bu birbaşa Avropa Şurasının Azərbaycana qarşı təzyiq formasıdır».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR