Azərbaycan Dünya Bankına kreditlərin əsas borcu üzrə 49 mln. dollar qaytarıb

Azərbaycan Dünya Bankına kreditlərin əsas borcu üzrə 49 mln. dollar qaytarıb
# 13 mart 2012 10:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvarın 1-dək Dünya Bankı (DB) ilə Azərbaycan arasında 55 layihənin maliyyələşdirilməsi üçün ümumi məbləği 3 054,9 mln. ABŞ dolları təşkil edən kreditlərin ayrılması barədə razılıq əldə olunub və kredit sazişləri imzalanıb.

Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, ümumi dəyəri 848,3 mln. dollar olan 34 layihənin həyata keçirilməsi artıq başa çatıb, 2 206,6 mln. dollar məbləğində 21 layihənin icrası isə hazırda davam etdirilir.

Azərbaycan bu ilin yanvarın 1-nə 1 320,7 mln. dollar məbləğində kreditdən istifadə edib ki, bu da kreditlərin ümumi məbləğinin 43,2%-ni təşkil edir. Nəzərdə tutulmuş qrafik üzrə 2012-ci ilin yanvarın 1-nə 49,1 mln. dollar məbləğində əsas borc qaytarılıb.

Kreditlərlə yanaşı, DB tərəfindən Azərbaycana 1995-2011-ci illər ərzində ümumi məbləği 41,051 mln. dollar olan 44 qrant ayrılıb. Qrantlar əsasən təhsil sistemi, kənd təsərrüfatının inkişafı, təqaüd təminatı, dövlət sektorunda dəyişikliklərlə əlaqədar aparılan islahatlar üzrə layihələrin icrası, işğaldan azad olunmuş torpaqların bərpası ilə bağlı layihələrin hazırlanmasına yönəldilib. Onlardan ümumi dəyəri 30,228 mln. dollar olan 38 qrant layihəsinin həyata keçirilməsi başa çatdırılıb, 10,823 mln. dollar məbləğində 6 qrant layihəsinin icrası isə hazırda davam etdirilir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. Hazırda DB Azərbaycanda icra olunan «Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi», «Dəmir yolu və ticarətin dəstəklənməsi», «Korporativ və dövlət sektorlarında mühasibatlıq», «Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması», «Azərbaycan maliyyə sisteminin modernləşməsi», «Milli su təchizatı və kanalizasiya xidmətləri» və bir sıra digər layihələri maliyyələşdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR