«Access Bank» nizamnamə kapitalını 25% artırıb

«Access Bank» nizamnamə kapitalını 25% artırıb
# 15 mart 2012 09:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC nizamnamə kapitalını 25,4% və ya 17,2 mln. manat artıraraq 85 mln. manata (108 mln. ABŞ dolları) çatdırıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın nizamnamə kapitalının artırılması səhmlərin nominal dəyərinin 3,39 manatdan 4,25 manata çatdırılması (konvertasiya) hesabına mümkün olub. Səhmlərin sayı əvvəlki kimi 20 mln. ədəddir, səhmdarlar arasında Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW Almaniya İnkişaf Bankı və Qara Dəniz Ticarət və İnkişaf Bankı hər biri 20%, «Access Holding» 16,53% və «LFS» 3,47% paya sahibdir.

Qeyd edək ki, Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bankın nizamnamə kapitalının artımının qeydiyyatdan keçirilməsi prosesini artıq başa çatdırıb.

Bankdan bildirib ki, nizamnamə kapitalının artımı bankın gələcək inkişafı üçün kapital adekvatlığını təmin edəcək. Hazırda bankda kapitalın adekvatlığı 25% təşkil edir və Azərbaycan Mərkəzi Bankının minimal tələbindən iki dəfə çoxdur.

Xatırladaq ki, «Access Bank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın ölkə üzrə 29 filialı, 31 bankomatı və 58 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR