Bank Of Baku

Azərbaycan gələn il Bakı-Tiflis-Qars layihəsi üzrə Gürcüstana daha 100 mln. dollar ayıracaq

Azərbaycan gələn il Bakı-Tiflis-Qars layihəsi üzrə Gürcüstana daha 100 mln. dollar ayıracaq
# 18 sentyabr 2008 14:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan gələn il ərzində Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin icrası məqsədi ilə Gürcüstan üçün nəzərdə tutulan kreditdən daha 100 mln. ABŞ dolları ayıracaq. Vəsaitlər Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hesabına ayrılır. «APA-Economics»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.
Ş.Mövsümovun sözlərinə görə, Bakı-Tiflis-Qars layihəsi çərçivəsində artıq Gürcüstana ARDNF-in vəsaitləri hesabına 30 mln. dollar kredit ayrılıb: «Gələn il ərzində isə daha 100 mln. dolların ayrılması nəzərdə tutulur».
ARDNF-in başçısı həmçinin qeyd edib ki, Gürcüstanda baş verən hadisələr nəticəsində layihənin Gürcüstan ərazisində tikinti işlərinin aparılması qrafiki bir qədər dəyişib. Belə ki, bir qədər əvvəl keçirilən koordinasiya şurasının iclasında dəmir yolunun Gürcüstan ərazisinin istifadəyə verilməsi 2009-cu ildən 2010-cu ilə keçirilib.
Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Karsi Dəmir Yolları» Məhdud Məsuliyyətli Cəmiyyətinə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) ümumilikdə 200 mln. ABŞ dolları məbləğində kredit ayıracaq. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır.
Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR