Bank Of Baku

Azərbaycan paytaxtında boş qalmış avtobus marşrut xətləri digər sahibkarlara verilə bilər

Azərbaycan paytaxtında boş qalmış avtobus marşrut xətləri digər sahibkarlara verilə bilər
# 27 sentyabr 2008 11:33 (UTC +04:00)
Bunu son günlər ərzində paytaxtın sərnişindaşıma sistemində Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən islahatları «APA-Economics»ə şərh edən «Nəqliyyatçılara Hüquqi Yardım» İctimai Birliyinin sədri Məzahir Rüstəmov bildirib.
M.Rüstəmovun sözlərinə görə, nazirlik kiçik avtobusları xətdən çıxarmazdan əvvəl bunun sonrakı nəticələrini və əhalinin maddi vəziyyətinə təsirini araşdıraraq qərar verməli idi.
«Nəqliyyat Nazirliyi bu işləri plansız şəkildə həyata keçirir. Əhalinin güzəranı, maddi vəziyyəti düşünülmür. Təsəvvür edin, bir nəfər şəhərin mərkəzinə gəlmək üçün 2 avtobus dəyişir, yəni ikiqat xərcə düşür», - deyə təşkilat rəhbəri vurğulayıb.
Qeyd edək ki, artıq Nəqliyyat Nazirliyi paytaxtın mərkəzi hissəsinə kiçik tutumlu avtobusların girişini qadağan edib. Nazirlik 40-dək marşrutdan kiçik tutumlu avtobusları çıxarıb. Bunların arasında 39, 177, 207, 215, 268, 331 və s. marşrutlar var.
M.Rüstəmov marşrutlardakı kiçik tutumlu avtobusların iritutumlu avtobuslarla əvəz edilməsi barədə sahibkarlara əvvəlcədən bir neçə dəfə xəbərdarlıq olunduğunu da qeyd edib.
Bununla belə, ekspert hesab edir ki, indiyədək sahibkarlar tərəfindən kütləvi şəkildə iritutumlu avtobusların Bakıya gətirilməməsinin bir neçə səbəbi var: «Məsələn, sahibkarların zəmanətli lisenziyaları və müqavilələri yoxdur. Beş illiyə lisenziyanı alırlar, 3 aydan sonra nazirlik hansısa səbəbi əsas gətirərək lisenziyanı geri çağırır və s.».
Xatırladaq ki, Nəqliyyat Nazirliyi 2006-cı ildə sahibkarlara 2009-cu ilədək bütün marşrutlarda kiçik tutumlu avtobusları iritutumlu avtobuslarla əvəz etmək barədə göstəriş verib.
Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hazırda Bakı şəhərində orta və iritutumlu 1000-dən bir qədər artıq avtobusa ehtiyac var. Halbuki paytaxtın mərkəzi və ətraf yaşayış məntəqələrinə 5 minə yaxın müxtəlif tutumlu avtobus işləyir.
Təşkilat rəhbəri M.Rüstəmov isə bildirib ki, Nəqliyyat Nazirliyinin son addımları paytaxtın sərnişindaşıma sistemində anlaşılmaz vəziyyət yaratmaqla bərabər, Bakı Metropolitenində sıxlığın artmasına səbəb olub. Bu da milyonlarla sərnişinin istifadə etdiyi metropolitendə təhlükəsizlik tədbirlərinin çətinləşməsi deməkdir.
Nəqliyyat Nazirliyindən verilən məlumata görə, yaxın günlərdə Bakıya 50 ədəd «Daewoo», həmçinin xeyli sayda Almaniya istehsalı olan «MAN» və digər iritutumlu avtobuslar gətiriləcək.
Qeyd edək ki, bu günədək Bakı şəhərinə 200 ədəd «Daewoo», 40 ədəd «MAN», 20 ədəd «MAZ», həmçinin 350 ədəd müxtəlif markalı iritutumlu avtobus gətirilərək xətlərə buraxılıb.
Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənov isə «APA-Economics»ə açıqlamasında ekspertin fikirləri ilə razılaşmadığını vurğulayıb. N.Həsənovun sözlərinə görə, sahibkarlara lisenziya verilərkən onların qarşısına 2009-cu ilə qədər xətdəki kiçik tutumlu avtobuslarını iritutumluları ilə əvəz edilməsi barədə tələb qoyulub: «Sahibkar da bu tələblərə əməl edib yeni avtobuslar gətirməlidir. Biz bu gün bütün marşrutlarda monitorinq keçiririk və tələblərə cavab verməyən avtobuslar xətdən çıxarılır».
Sərnişinlərin son günlər üzləşdiyi problemlərə gəlincə nazirlik rəsmisi bunun müvəqqəti olduğunu vurğulayıb: «Xətlərə iri avtobuslar salınana qədər bir müddət problem olacaq. Əhali digər marşrutlardan istifadə etsin».
N.Həsənov əlavə edib ki, sərnişindaşımada problemlərin yaranmaması üçün boş qalmış marşrut xətlərinin başqa sahibkarlara verilməsi məsələsinə baxıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR