Bank Of Baku

Azərbaycanda yeni avtomagistralın dizaynı hazırlanıb

Azərbaycanda yeni avtomagistralın dizaynı hazırlanıb
# 08 oktyabr 2008 11:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Şamaxı və Quba rayonlarını birləşdirəcək avtomobil magistralının dizaynı və ilkin qiymətləndirmə sənədi hazırlanıb. «APA-Economics»in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
M.Pənahovun sözlərinə görə, hazırda sənədlər müvafiq proseduralardan keçir. Həmçinin, yolun işçi layihəsini hazırlayacaq şirkət müəyyənləşdirilir.
«Bu yol dağlıq ərazidən keçdiyi üçün üzərində tunellər və körpülər olacaq. Magistralda hərəkətin pullu olması nəzərdə tutulmur», - deyə nazir müavini vurğulayıb.
Şamaxı-Quba avtomobil yolunun texniki-iqtisadi əsaslandırma layihəsini Koreyanın «Pyunghwa Engineering Consultants» şirkəti hazırlayıb.
Bu layihənin həyata keçirilməsi nəticəsində Şamaxı ilə Quba arasında 105,4 km-lik yol mövcud yolla müqayisədə məsafəni 150 km-dən çox qısaltmaqla mərkəzi və qərbi regionlar və Gürcüstan vasitəsilə beynəlxalq ticarət axını üzrə vaxt sərfinin və nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq. Hazırda Quba ilə Şamaxı arasında birbaşa avtomobil yolu olmadığına görə bu məntəqələr arasında sərnişin və yük daşınması mövcud sahilyanı yol ilə Bakıdan keçərək 261 km yolu dolayı gedib dövrə vurmağa məcbur edir.
Yeni yol birbaşa Şamaxıdan Qubaya, yəni Qonaqkənd istiqamətindən, Olimpiya Kompleksinin yanından mərkəzi yola birləşəcək, buradan da Rusiya dövlət sərhədinə qədər hərəkət etməyə imkan verəcək.
Qeyd edək ki, Şamaxı ilə Quba arasında dərə və çaylar çoxluq təşkil etdiyinə görə, təxminən 24 körpünün tikilməsi nəzərdə tutulur. Körpülərin ümumi uzunluğu təqribən 3 675 metr olacaq. Tikintinin aparılması çətin olan ərazilərdə uzunluğu 2 km, 1 km, 580 m olan 3 tunelin çəkilməsi də planlaşdırılır.
Tikintiyə 2009-cu ildə başlanılması və 2011-ci ildə başa çatdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR