Bank Of Baku

Azərbaycan paytaxtında Nəqliyyatın intellektual idarə edilməsi Sisteminin təqdimatı keçirilib

Azərbaycan paytaxtında Nəqliyyatın intellektual idarə edilməsi Sisteminin təqdimatı keçirilib
# 08 oktyabr 2008 12:58 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, sistemin yaradılmasına dair müqavilə cari ilin may ayında imzalanıb.
«Bu, MDB məkanında yaradılmış ilk analoji sistem olacaq. Sistemin tətbiqi nəticəsində şəhər nəqliyyatı tənzimlənəcək, mövcud problemlərin böyük əksəriyyəti aradan qalxacaq. Bu sistem eyni zamanda ictimai nəqliyyatda elektron ödəmənin təşkilinə imkan verəcək», - deyə nazir müavini vurğulayıb.
Koreyanın Azərbaycandakı səfiri Lyu Kvanq Çol isə son illər Azərbaycan və Koreyanın nəqliyyat sektorunda birgə layihələrə imza atdığını bildirib. Koreya səfiri qeyd edib ki, Bakıda qurulacaq yeni sistem gələcəkdə Qafqazın digər şəhərləri üçün nümunə ola bilər.
Daha sonra layihənin təqdimatını keçirən Koreyanın «SK C&C» şirkətinin nümayəndəsi bildirib ki, layihə çərçivəsində görüləcək işlərdən birincisi sərnişin avtobuslarını idarəetmə sisteminin yaradılmasıdır. Bu sistemin tətbiqi nəticəsində marşrutların hərəkəti tənzimlənəcək, onların hərəkət qrafikinə nəzarət imkanı yaranacaq. Bu çərçivədə fövqəladə hallar zamanı şəhər nəqliyyatının idarə olunmasının təşkili, yollarda, yol ötürücülərində, dayanacaqlarda və parklanma yerlərində qəzalar (yol-nəqliyyat hadisələri, terror aktları və s.) haqqında məlumatların yığılması, qeydə alınması və aidiyyəti təşkilatlara ötürülməsi həyata keçiriləcək.
Qurulacaq digər sistem isə «Nəqliyyat informasiyasının yığım sistemi» adlanır. Video, mikrodalğalı aşkarlayıcılar, aşkarlayıcı halqalar vasitəsilə real zamanda nəqliyyatın cari vəziyyəti haqqında informasiyanın İTS (İntelligent Transport System – İntellektual Nəqliyyat Sistemi) serverlərinə toplanması təmin ediləcək.
Üçüncü sistem - «Nəqliyyatın tənzimlənməsi üzrə məlumatların ötürülməsi və göstərişlərin verilməsi Sistemi» adlanır. Bu sistemə kabel televiziyası, İnternet, mobil telefonlar, elektrik rəqəmsal tablolar, avtobus dayanacaqlarında quraşdırılan informasiya tabloları kimi müxtəlif informasiya təminatı vasitələrinin köməyi ilə nəqliyyatın ümumi vəziyyəti, qəzalar və s. üzrə informasiyanın istifadəçilərə ötürülməsi, parklanmanın idarə olunması və məsafədən icbari idarəetmə üzrə İTS serverləri vasitəsilə göstəriş komandalarının formalaşdırılması və s. daxildir. Bu çərçivədə dayanacaqlarda, şəhərin giriş və radial yollarında elektron idarəetmə sistemli məlumat tabloları quraşdırılacaq.
Layihənin sonrakı mərhələsində isə elektron-kart ödəmə sisteminin tətbiqi nəzərdə tutulur.
Sistem Bakı şəhərinin Mətbuat prospekti, Zərdabi küçəsi, 20 Yanvar meydanı, Cəfərov küçəsi, A.Mustafayev, Z.Bunyadov, Böyük-Şor küçəsi, «Əzizbəyov» metro stansiyası dairəsi, Q.Qarayev prospekti, M.Hadi küçəsi, Sadıxcan küçəsi, Əbilov küçəsi, Zığ şosesi, Nobel prospekti, A.Cəlilov küçəsi, Ü.Hacıbəyov küçəsi, Neftçilər prospekti, M.Hüseynov küçəsi, Q.Abbasov küçəsi, Səbail meydanı, Ə.Yaqubov küçəsi, Salyan şosesi 20-ci sahə, Badamdar şosesi Badamdar qəsəbəsi, Badamdar şosesi M.Müşfiq küçəsi, Mətbuat prospekti, Bakı şəhərinin mərkəzini onun ətraf hissələri ilə birləşdirən istiqamətlər üzrə Xırdalan dairəsi, Sumqayıt şosesi 20 Yanvar meydanı, Tiflis prospekti, Bakıxanov küçəsi, Azadlıq prospekti, Binəqədi şosesi - Binəqədi qəsəbəsi, M.Əzizbəyov dairəsi – Böyük Şor şosesi, Mərdəkan şosesi, Buzovna dairəsi, Babək prospekti, Yeni Günəşli – «A-B» və «D» yaşayış massivləri, Atəşgah dairəsi, Bakıxanov küçəsi, Mehmandarov küçəsi, Gənclik küçəsi, Qaraçuxur dairəsi – Yeni Günəşli, Ukrayna meydanı, Neapol dairəsi, Mehmandarov küçəsi, Q.Yəhya küçəsi, İ.İsmaylov küçəsi və Zığ şosesini əhatə edəcək.
Layihə çərçivəsində bütün yollarda elektron-optik müşahidə cihazları quraşdırılacaq. Birinci mərhələdə sistemin əhatə etdiyi ərazidə 20 elektron informasiya tablosu, 77 video-aşkarlayıcı, 30 ədəd qanunsuz parklanmaya nəzarət tənzimləyicisi, 55 müşahidə kamerası və 546 ədəd aşkarlayıcı halqa quraşdırılacaq. Layihənin 2 il müddətində həyata keçirilməsi planlaşdırılır.
Layihənin idarəetmə qrupunun rəhbəri Sədrəddin Məmmədov «APA-Economics»ə açıqlamasında bildirib ki, Bakıda qurulacaq sistem Seul şəhərində (Cənubi Koreya) qurulmuş analoji sistemdən bir sıra üstünlüklərinə görə fərqlənir. Bakıda ən müasir kompüter və müşahidə sistemləri tətbiq ediləcək. Layihəyə Azərbaycan tərəfinin təklifi ilə bir sıra yeni detallar da əlavə edilib. Dayanacaqlarda qurulacaq tablolarda dayanacaqlardakı mövcud vəziyyət, yerin olub-olmaması, həmçinin yaxın küçələrdəki vəziyyət göstəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR