Bank Of Baku

Koreya şirkətləri Azərbaycanın telekommunikasiya bazarına çıxmaq üçün araşdırmalar aparır

Koreya şirkətləri Azərbaycanın telekommunikasiya bazarına çıxmaq üçün araşdırmalar aparır
# 08 oktyabr 2008 15:38 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Koreyanın Azərbaycandakı səfiri Lyu Kvanq Çulla görüşüb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə səfir Azərbaycanla Koreya arasında müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya sektorunda əlaqələrin genişlənməsindən məmnun qaldığını qeyd edib. İki ölkə arasında İKT sahəsi üzrə anlaşma memorandumu imzalandıqdan sonra qarşılıqlı münasibətlərin yeni müstəvidə inkişaf etdiyini vurğulayan L.K.Çul bu sahədə əməkdaşlığın əsas istiqamətlərinin müəyyən olunduğunu bildirib.
Səfirin sözlərinə görə, bir sıra Koreya şirkətləri Azərbaycanın telekommunikasiya sektorunda sərmayələrin cəmləşdirilməsi üçün araşdırmalar aparır. Onlardan bəziləri bu işi artıq sona çatdırıb. Cənubi Koreyanın «SK&C» şirkəti isə Azərbaycanda elektron hökumət layihələrinin həyata keçirilməsində yaxından iştirak etməyə hazırdır. Hazırda Koreya bankları güzəştli şərtlərlə kreditlərin verilməsi məsələsini müzakirə edir.
Səfir öz ölkəsinin poçt rabitəsi sektorunda əldə etdiyi təcrübəni də Azərbaycana gətirməyə hazır olduqlarını bildirib. L.K.Çul qeyd edib ki, qarşılıqlı razılaşma olarsa, Koreyanın poçt sahəsində çalışan mütəxəssislərdən ibarət nümayəndə heyəti Azərbaycana gələr, kompleks araşdırma aparar, sonra ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin, eləcə də elektron poçt xidmətlərinin müəyyənləşdirilməsi məqsədilə təkliflər paketi hazırlayaraq hər iki tərəfə təqdim edə bilər.
Bu təklifi yüksək qiymətləndirən Ə.Abbasov bu təklifin əməkdaşlıqda yeni bir mərhələ açacağına ümid etdiyini vurğulayıb.
Görüşdə mövcud anlaşma memorandumu əsasında hökumətlərarası sazişin imzalanmasının vacibliyi və bu istiqamətdə iş aparıldığı da qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR