Bank Of Baku

Bakı şəhərinin təkrar avtomobil bazarında sentyabrda qiymətlər 9% düşüb

Bakı şəhərinin təkrar avtomobil bazarında sentyabrda qiymətlər 9% düşüb
# 21 oktyabr 2008 15:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin sentyabr ayında Bakı şəhərinin təkrar avtomobil bazarında passivlik qeydə alınıb. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən (ƏBİ) məlumat verilib.
ƏBİ-nin araşdırmalarına görə, yay aylarında ekspertlər bazarın bu seqmenti üzrə passivliyi əsasən mövsümi faktorlarla əlaqələndirildiyi halda, sentyabrda qeydə alınan passivlik avtomobil bazarında aparılan islahatlar-köçürmələrlə bağlı olub. Belə ki, 2 ay əvvəl Dərnəgül qəsəbəsindəki avtomobil bazarının Badamdar qəsəbəsində yeni açılmış avtomobil satış mərkəzinə köçürülməsi bazarın bu seqmentində aktivliyin ciddi şəkildə aşağı düşməsi ilə nəticələnib. Təkcə Dərnəgüldəki avtomobil bazarının deyil, paralel olaraq şəhərin müxtəlif ərazilərindən küçə və yolkənarı xırda satış mərkəzlərinin eyni vaxtda yığışdırılması bazardakı vəziyyətə mənfi təsir göstərib.
Ay ərzində təklifdə 10,7% azalma qeydə alınıb. Təklifin azalmasına səbəb kimi yeni satış mərkəzinin tam tanınmaması ilə yanaşı, tələbin aşağı düşməsi və təkrar avtomobil bazarına kredit verilməsinin demək olar ki, tam dayandırılması göstərilir.
Ötən ay təkliflə yanaşı tələb də 6,1% düşüb. Müvafiq olaraq ay ərzində avtomobil almaq üçün satış mərkəzlərinə müraciət edənlərin sayında da nəzərə çarpan azalma müşahidə olunub. Lakin buna baxmayaraq, ay ərzində bazarda orta qiymət dəyişməz qalıb və ötən ay olduğu kimi 21 min ABŞ dollarına bərabər olub.
Tələbin düşməsi, qiymətlərin yüksək olması, eyni zamanda mövsümi faktorlar və bazarda aparılan islahatlar və yerdəyişmələrin birgə təsiri nəticəsində ötən ay avtomobillərin ekspozisiya müddəti 5 gün artaraq 64 günə çatıb. Buna müvafiq risk dərəcəsi artıb və əmlakın bu növü üzrə likvidlik dərəcəsi aşağı düşüb. Bütün bunlar isə tədricən rəqabətə davam gətirə bilməyən xırda alverçilərin bazardan çıxmasına təsir göstərir.
Sentyabr ayında təkrar avtomobil bazarında araşdırma predmeti olan 5 minə qədər avtomobilin cəmi 30%-ə qədəri bazara məhz sentyabr ayında təklif olunub. Qalan 70%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Bazardakı yerdəyişmələr təkrar bazarda proqnozlaşdırılan qiymət artımının qarşısını nəinki alıb, hətta sentyabrda bazarın bu seqmentində 9,4% qiymət azalması müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR