Bank Of Baku

Azərbaycanda ağır yol qəzalarının əksəriyyəti “KamAZ” maşınlarının iştirakı ilə baş verir - ARAŞDIRMA-FOTO

Azərbaycanda ağır yol qəzalarının əksəriyyəti “KamAZ” maşınlarının iştirakı ilə baş verir - <font color=red>ARAŞDIRMA-FOTO</font>
# 27 oktyabr 2008 11:24 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Son illər Azərbaycanda ölümlə nəticələn yol-nəqliyyat hadisələrinin statistikasında ciddi artım müşahidə olunur. Ölkə üzrə hər il təxminən min nəfər avtomobil qəzalarında dünyasını dəyişir. Daxili İşlər Nazirliyinin (DİN) statistik təhlilinə əsasən, 2005-ci ildə Azərbaycanda baş vermiş yol nəqliyyat hadisələrində 938, 2006-cı ildə 947, 2007-ci ildə isə 1054 nəfər həlak olub. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələri bir qayda olaraq yüksək sürət, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarəetmə, qarşıdan gələn avtomobilin yoluna çıxma, texniki nasazlıq, idarəetmənin itirilməsi və digər səbəblərdən baş verir.

Ölümlə nəticələnən avtomobil qəzalarının baş verməsinin əsas günahkarlarından biri də ağır tonnajlı yük maşınları, xüsusi ilə “KamAZ”-lardır. “KamAZ”-ların iştirakı ilə baş verən yol qəzalarında bir anda bir neçə insan həyatını itirir. Son iki ayda “KamAZ”-ların iştirakı ilə baş verən və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini xatırlatmaqla vəziyyətin nə dərəcə acınacaqlı olduğunu təsəvvür etmək mümkündür.

Bu il avqustun 26-da Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisində “KamAZ” markalı avtomobilin “VAZ-2106” markalı avtomobillə toqquşması nəticəsində “VAZ-2106”-da olan beş nəfər dünyasını dəyişib.

Sentyabrın 20-də Masallı-Boradigah yolunun Masallı rayonunun Qızılavar kəndi ərazisində “KamAZ”-ın iştirakı ilə dəhşətli yol qəzası baş verib. “KamAZ”-la “Ford” markalı mikroavtobusun toqquşması nəticəsində mikroavtobusda olan 5 nəfər hadisə yerində ölüb, 4 nəfər isə yaralanıb.

Oktyabrın 10-da isə “KamAZ”-ın iştirakı ilə daha bir ağır yol nəqliyyat hadisəsi baş verib. Həmin gün Bakı-Şamaxı yolunda “KamAZ”-la sərnişin mikroavtobusunun toqquşması nəticəsində 3 nəfər həlak olub.

Göründüyü kimi, “KamAZ”-ların iştirakı ilə təkcə üç yol qəzasında 14 nəfər dünyasının dəyişib.

Ümumiyyətlə, aparılan araşdırma nəticəsində məlum olub ki, bu gün Azərbaycanda 30 mindən bir qədər artıq “KamAZ” var. Onların əksəriyyətinin isə istismar müddəti artıq başa çatıb.

DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətinin rəhbəri Ərəstun Məcidov APA-ya açıqlamasında bu ilin doqquz ayı ərzində yük maşınlarının sürücülərinin günahı üzündən 144 avtomobil qəzasının baş verdiyini deyib. Onun sözlərinə görə, bu hadisələr nəticəsində 56 nəfər ölüb, 131 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ə. Məcidov “KamAZ”-ların yol polis əməkdaşlarına yaratdığı problemlərdən də danışıb: ““KamAZ”-lar normadan bir neçə dəfə artıq yük vurur, bunun da nəticəsində avtomobilin texniki təhlükəsizliyinin qorunması aşağı düşür. Avtomobilin ağırlıq mərkəzi pozulur, tormozlama məsafəsi artır, körpünün yığılan hissəsi əyilir, istismar müddəti azalır. Digər tərəfdən, belə avtomobillərdən atmosferə daha çox zəhərli qaz buraxılır. Bundan başqa, xüsusilə normadan artıq səpələnən yük götürüləndə enişdə-yoxuşda onlar yolun hərəkət hissəsinə tökülür, bu isə digər nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaradır. Bəzi yük maşınlarında ot daşınır. Otun yüklənməsi zamanı isə ifrata yol verilir, otun hündürlüyü normadan üç-dörd dəfə yuxarı olur. Bu pozuntular qəzaların baş verməsinə səbəb olan amillərdir”.

BDYPİ rəsmisi yük maşınları və “KamAZ”-ların sürücülərinin çox vaxt yorğun olduğunu, avtomobildə texniki nasazlıq yaranda isə onu yolun hərəkət hissəsində dayandıqlarını deyib: ““KamAZ”-ın yükgötürmə qabiliyyəti 12 tondur. Sürücülər isə bir dəfəyə 700-800 mişar daşı yükləyirlər ki, bu da orta hesabla 24 ton çəki deməkdir. Odur ki, sürücülər 6-8 saata getməli olduqları 200 kilometr yolu 10-12 saata gedirlər. Belə olanda isə sürücü yorulur”.

Ə. Məcidovun sözlərinə görə, “KamAZ”-ın sürücüsü normal vəziyyətdə sükan arxasında dörd saatdan artıq oturmamalıdır: “Sürücü hər dörd saatdan bir ən azı yarım saat istirahət etməlidir”.

Yük maşınlarının gündüz vaxtı paytaxta buraxılmasının qadağan edildiyini deyən BDYPİ rəsmisi avtomobillərin gecə saatlarında xüsusi marşrutlar üzrə icazə əsasında hərəkətinin mümkün olduğunu bildirib.

Qeyd edək ki, ağır tonnajlı yük maşınları və “KamAZ”-ların törətdiyi yol-nəqliyyat hadisələri ilə bağlı məsələ Milli Məclisdə də qaldırılıb. Milli Məclisin ötən sessiyasında məsələyə münasibət bildirən parlamentin spikeri Oqtay Əsədov ağır tonnajlı yük maşınlarının sürücülərinin bir neçə növbə fasiləsiz olaraq sükan arxasında olduğunu və bunun narahatlıq yaratdığını bildirib.

Məsələyə münasibət bildirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının üzvü Fəzail Ağamalı da APA-ya açıqlamasında problemin ciddi olduğunu, yaranmış vəziyyətin narahatlıq doğurduğunu deyib. Onun sözlərinə görə, son vaxtlar iritutumlu yük maşınları, xüsusi ilə də “KamAZ”-ların iştirakı ilə respublikanın müxtəlif magistral yollarında baş verən yol qəzalarının sayı xeyli artıb: “Bu maşınların əksəriyyəti texniki cəhətdən nasazdır. Bundan başqa, “KamAZ”-ları idarə edən sürücülərin kifayət qədər sürücülük təcrübəsi yoxdur. Bu məsələlərin yoluna qoyulmasına ehtiyac var”.

F. Ağamalı bir müddət əvvəl iritutumlu yük maşınlarının şəhərin mərkəzi hissəsində hərəkətinə məhdudiyyət qoyulduğunu, lakin buna əməl edilmədiyini deyib. Parlament üzvü yol polisinin yaranmış vəziyyətlə bağlı monitorinq aparmasını və ciddi tədbirlər görülməsini zəruri sayır: “Bu cür faktların qarşısının alınması üçün təcili tədbirlər görülməlidir. Təəssüf ki, bu sahədə məsuliyyətsizlik hökm sürür. Bəzən “KamAZ” sürücülərini qınamaq da olmur. Onlara olduqca ağır plan qoyulur ki, bu səbəbdən də fasiləsiz işləməyə məcbur olurlar. Bəzən isə sürücülər sutka ərzində hətta 4-5 saatdan artıq istirahət edə bilmirlər”.

F. Ağamalı bu sahədə yaranmış vəziyyəti qaydasına qoymaq üçün qanunvericilikdə bəzi dəyişikliklərin edilməsini, inzibati nəzarətin gücləndirilməsini vacib hesab edir: “Bu sahədə nəzarəti gücləndirmək üçün Cinayət Məcəlləsinə də dəyişikliklər etmək mümkündür”.

Sonda onu da əlavə edək ki, bu sahədə qayda-qanun yaratmaq üçün qanunvericiliyə dəyişikliklər edilməsi məqsədi ilə yaxın vaxtlarda parlamentin müzakirəsinə yeni bir sənəd çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR