Bank Of Baku

İsrail şirkətləri Azərbaycanın İKT bazarına çıxmaq niyyətindədir

İsrail şirkətləri Azərbaycanın İKT bazarına çıxmaq niyyətindədir
# 12 noyabr 2008 12:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu gün Bakıda noyabrın 11-dən işə başlayan XIV Azərbaycan Beynəlxalq İnformasiya Texnologiyaları və Telekommunikasiya Sərgisi (BakuTel-2008) çərçivəsində Azərbaycan-İsrail Yüksək Texnologiyalar İmkanları üzrə seminar keçirilib.
«APA-Economics»in məlumatına görə, İsrailin Azərbaycandakı səfiri Artur Lenk bildirib ki, təmsil etdiyi ölkə «BakuTel-2008» sərgisində rəsmi tərəfdaş kimi iştirak etməkdən çox məmnundur. Səfirin sözlərinə görə, son iki ildə Azərbaycanla İsrail arasında İKT üzrə iki seminar keçirilib. İlk belə seminar 2007-ci ilin iyununda təşkil olunub.
Ölkəsinin potensial imkanları haqqında məlumat verən A.Lenkin bildirdiyinə görə, İsraildə insan resursları çox inkişaf edib. Bu ölkə adambaşına düşən mühəndislərin sayına görə dünyada birinci yerdədir. Səfir seminarda təqdimatla çıxış edən «Amos Spacecom», «Gilat SATCOM», «Gilat Satellite Networks», «Ness TSG», «RADWİN», «Shamrock İnternational» şirkətlərinin Azərbaycanın İKT bazarında işləməyə maraq göstərdiyini söyləyib. A.Lenk «Ness TSG»nin artıq Azərbaycanda törəmə şirkət yaratdığını və bundan çox məmnun qaldığını qeyd edib.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə bildirib ki, son illərdə İsraildə müşahidə olunan inkişaf bütün dünyanın diqqətini cəlb edib. İki ölkə arasında İKT sahəsində əməkdaşlığın artan templə inkişaf etdiyini deyən nazirin sözlərinə görə, artıq bir çox İsrail şirkəti Azərbaycanda fəaliyyət göstərir: «Bu gün çox şirkətlər Azərbaycan bazarına diqqət yetirir. Çünki Azərbaycanda fəaliyyət göstərmək onlara regional bazara çıxmağa imkan yaradır».
Ə.Abbasov həmçinin bildirib ki, «Amos Spacecom» şirkəti Azərbaycanda peyk rabitəsi sənayesində çalışmaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə danışıqlar aparır. Noyabrın 11-də isə «Shamrock İnternational» şirkətinin prezidenti Ə.Abbasovla görüşüb.
Xatırladaq ki, noyabrın 14-dək davam edəcək XIV Azərbaycan Beynəlxalq İnformasiya Texnologiyaları və Telekommunikasiya Sərgisi «İteca Caspian» şirkəti tərəfindən təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR