Bank Of Baku

Bakıda Azərbaycan-Kaliforniya İKT forumu keçirilib

Bakıda Azərbaycan-Kaliforniya İKT forumu keçirilib
# 12 noyabr 2008 14:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan-Kaliforniya (ABŞ) İKT forumu keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən ABŞ-ın xarici iqtisadi əlaqələr üzrə xüsusi səfiri Frenk Mermut Azərbaycanın İKT sektorunda mövcud vəziyyət və bu sahənin inkişafı, habelə ölkənin ümumi iqtisadi inkişafını bəyəndiyini bildirib.
Tədbirdə iştirak edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib ki, Azərbaycanla ABŞ arasında İKT sahəsində əməkdaşlıq əlaqələri genişlənib və bu sahə üzrə gələcəkdə əməkdaşlıq daha da dərinləşəcək: «İKT sahəsi üzrə son 1,5 il ərzində Azərbaycanla ABŞ arasında bir sıra sənəd imzalanıb ki, bu da əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olacaq».
Azərbaycanın İKT bazarının gündən-günə liberallaşdığını vurğulayan nazir qeyd edib ki, istənilən xarici şirkət ölkə iqtisadiyyatının bu sahəsində iş qura bilər.
Görüş çərçivəsində Ə.Abbasov həmçinin bildirib ki, İKT sahəsində fəaliyyət göstərən ABŞ-ın «Shamrock Holdings» şirkəti yaxın gələcəkdə Azərbaycanda fəaliyyətə başlayacaq.
Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki konsulu Elin Süleymanov bildirib ki, gələn ilin fevral ayında ABŞ-da İKT şirkətlərinin görüşü keçiriləcək və bu tədbirdə Ə.Abbasovun qatılması gözlənilir: «Azərbaycanın hər hansı şirkəti ABŞ şirkətləri ilə əlaqə qurmaq istəsə, bizim konsulluq buna dəstək olaraq vasitəçilik etməyə hazırdır».
Qeyd edək ki, tədbirdə İKT sahəsində fəaliyyət göstərən ABŞ-ın «Kansas Energy», «Tool Shed Group», «CyberNet», «TiaLinx», «NComputing» və digər şirkətlərin nümayəndələri çıxış edərək təmsil etdikləri qurumlar haqqında ətraflı məlumat veriblər.
Məlumat üçün bildirək ki, Azərbaycan-Kaliforniya İKT forumu noyabrın 11-14-də Bakıda keçirilən XIV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi (BakuTel-2008) çərçivəsində təşkil olunub. Sərginin əsas təşkilatçısı rolunda «İteca Caspian» şirkəti çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR