Bank Of Baku

Azərbaycan paytaxtında torpaq sahələrinin orta qiyməti dekabrda 4% düşüb

Azərbaycan paytaxtında torpaq sahələrinin orta qiyməti dekabrda 4% düşüb
# 21 yanvar 2009 12:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən ilin dekabr ayı ərzində Bakı şəhəri üzrə torpaq bazarına çıxarılan 1 sot torpaq sahəsinin orta qiyməti 4,1% azalaraq 24 846 dollar səviyyəsindən 23 821 dollara enib. Bazara təklif olunan ümumi 800 ha torpaq sahəsinin 77,3%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.
Ay ərzində şəhər ətrafı və şəhərdən kənar rayonlarda torpaq üzərində aparılan əməliyyatlar şəhərin mərkəzinə nisbətən çox olsa da, qiymət azalması da daha çox III və IV zonalarda qeydə alınıb. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.
Bazarda torpağın ekspozisiya müddəti noyabr ayı ilə müqayisədə 3% artaraq 199 günə çatıb. Yaranmış vəziyyət əsasən bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və son aylar iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nəticəsində yaranıb.
Kommersiya məqsədilə alqı-satqı predmeti olan torpaqlar hesabına ötən ay torpaq bazarında aktivliyi nisbətən qoruyub saxlamaq mümkün olub. Şəhərin II zonasında torpağın orta qiymətinin nisbətən stabil qalması da məhz bu amillə bağlı olub. Torpaq bazarında alqı-satqı mövsümünün başa çatması ilə əlaqədar olaraq dekabr ayının sonlarından başlayaraq bazarın bu seqmentində qiymət azalmasının həcmi artmağa başlayıb.
Noyabr ayı ilə müqayisədə rayonlar üzrə qiymət artımı yalnız Nərimanov rayonunda (0,1%) qeydə alınıb. Digər rayonlarda isə qiymət azalması müşahidə olunub ki, bu da özünü ən çox Xətai (-4,1%) rayonunda göstərib. Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi Nərimanov (Atatürk prospekti) rayonunda (360 min dollar/sot), ən ucuz torpaq sahəsi isə Sabunçu (Ləiş qəsəbəsi) rayonunda (450 dollar/sot) qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR