Bank Of Baku

«Azərpoçt» yaxın iki ayda bank xidmətlərinin göstərilməsi üçün lisenziya ala bilər

«Azərpoçt» yaxın iki ayda bank xidmətlərinin göstərilməsi üçün lisenziya ala bilər
# 26 yanvar 2009 07:50 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) «Azərpoçt» Dövlət Müəssisəsinin 2009-cu ilin I rübü ərzində bank xidmətlərinin göstərilməsi üçün müvafiq lisenziya alacağı gözlənilir.
RİTN-in poçt şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, «Azərpoçt»un 2009-2011-ci illəri əhatə edən fəaliyyət strategiyasının əsas istiqamətləri maliyyə-bank xidmətlərinin tətbiqi və ümumiyyətlə müəssisənin rentabelliyinin artırılmasından ibarətdir.
Nazirlikdən bildirilib ki, müəssisə artıq 2010-cu ildə mənfəətlə işləməyə başlayacaq, 2011-ci ildən isə illik mənfəətin 20%-dək artacağı gözlənilir. Çünki poçt müəssisələrinin bank-maliyyə lisenziyası aldıqdan sonra müstəqil surətdə beynəlxalq pul köçürmələri sistemlərinə qoşula biləcək ki, bu da pul köçürmələri xidmətlərinin göstərilməsindən əldə olunan gəlirin banklarla paylaşmaq məcburiyyətini aradan qaldıracaq.
Bununla yanaşı, «Maliyyə xidmətlərinin inkişafı Layihəsi» çərçivəsində müəssisənin infrastrukturunun inkişafı nəticəsində fərdi resurslardan istifadə edərək məsrəfləri azaltmaq və mənfəəti artırmaq imkanı əldə olunacaq.
Xatırladaq ki, 2005-ci ilin mayın 24-də imzalanan və həmin ilin oktyabrın 14-dən qüvvəyə minən «Maliyyə xidmətlərinin inkişafı Layihəsi»nin ümumi dəyəri 17,5 mln. ABŞ dollarıdır. Bunun 12,5 mln. dollarını Dünya Bankı Azərbaycana kredit kimi ayırıb, qalan 5 mln. dollar isə Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir. Artıq 2009-cu ilin sonuna kimi layihənin yekunlaşacağı gözlənilir və bununla da «Azərpoçt»un 1200 poçt şöbəsi tam avtomatlaşdırılacaq. Hazırda isə layihə çərçivəsində Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi qurulur. «Poçt rabitəsi haqqında» qanuna edilən yeni dəyişikliklər əsasında poçt şöbələrində kredit verilmə əməliyyatı istisna olmaqla, digər bank-maliyyə xidmətlərinin göstərilməsi həyata keçiriləcək.
Qeyd edək ki, hazırda Azərbaycanda 65 poçt filialı, 1600-ə yaxın poçt şöbəsi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR