Bank Of Baku

«Nar Mobile» milyonuncu abunəçisini mükafatlandırıb

«Nar Mobile» milyonuncu abunəçisini mükafatlandırıb
# 28 yanvar 2009 13:04 (UTC +04:00)
Bakı. Aynur – Vəliyeva – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azərfon» şirkəti («Nar Mobile» ticarət nişanı) abunəçilərinin sayının 1 milyona çatması ilə əlaqədar bu gün mətbuat konfransı keçirib.
«APA-Economics»in məlumatına görə, şirkətin mlyonuncu abunəçisi Bakı Dövlət Universitetinin kibernetika fakültəsinin I kurs tələbəsi Ayxan Babazadə olub. Abunəçiyə xüsusi «Nar Mobile» təqaüdü təqdim edilib. Universitetdə təhsil alan tələbə 4 il ərzində hər ay 500 manat məbləğində təqaüd alacaq. Bundan əlavə, qalibə noutbuk və mobil telefon təqdim olunub.
Konfransda çıxış edən «Azərfon» şirkətinin baş direktoru Gido Helbix iki ildən az müddətdə əldə olunan nailiyyətlərdən danışıb və qeyd edib ki, hazırda operatorun payına GSM bazarının təxminən 20%-i düşür. Ötən ilin yekunlarına görə, respublika ərazisində 450-yə yaxın baza stansiyası quraşdırılıb, 2007-ci illə müqayisədə şəbəkənin əhatə dairəsi 40% artırılaraq 80%-ə çatıb. Hazırda şirkət dünyanın 161 ölkənin 266 operatoru ilə rouminq üzrə müqaviləsi və 56 GPRS rouminq mügaviləsi var.
Konfransda iştirak edən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov «Azerfon»un qısa müddətdə böyük müvəffəqiyyətlərə nail olduğunu qeyd edib.
Şirkətin tarif siyasətindən danışan G.Helbix qeyd edib ki, «Azerfon»un tarifləri mobil rabitə xidmətləri bazarında mövcud olan digər tariflərlə müqayisədə daha aşağıdır və məhz bunun nəticəsində şirkətin milyonuncu abunəçisi əhalinin, adətən büdcəsinə qənaətlə yanaşan təbəqəsinin nümayəndəsi, tələbə olub.
G.Helbixin «APA-Economics»ə verdiyi məlumata görə, gələcəkdə şirkət bazarın tendensiyalarına uyğun olaraq tarifləri endirməyə hazırdır.
Xatırladaq ki, GSM operatoru olan «Azerfon» şirkətinə mobil rabitə xidmətləri göstərməsi üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR