Bank Of Baku

Maliyyə böhranı ilə əlaqədar Azərbaycandakı layihədə «İntel» şirkətini «HP» əvəz edib

Maliyyə böhranı ilə əlaqədar Azərbaycandakı layihədə «İntel» şirkətini «HP» əvəz edib
# 11 fevral 2009 11:59 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Fevral ayının sonunda Bakıda «Xalq kompüteri» layihəsi üzrə təqdimat mərasiminin keçiriləcəyi gözlənilir. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata əsasən, ilkin mərhələdə proqram çərçivəsində pilot layihəsinin keçirilməsi nəzərdə tutulub. Pilot layihəsi mart-iyun aylarında həyata keçiriləcək və bu mərhələdə kompüterlər orta məktəb müəllimlərinə təqdim ediləcək.
Bununla yanaşı, layihə üzrə işçi qrupunun heyətində dəyişikliklər baş verib və bu, «İntel» şirkətinin «HP» şirkəti ilə əvəz edilməsindən ibarət olub. «İntel» şirkətinin layihədən kənarlaşması iqtisadi böhranla əlaqələndirilir.
RİTN-dən verilən məlumata əsasən, «HP» şirkəti Azərbaycandakı rəsmi distributoru olan «Bestcomp» şirkəti ilə birlikdə pilot layihəsinə maraq göstərir. Belə ki, şirkət mart-iyun aylarında həyata keçiriləcək pilot layihəsini reallaşdırmağı öz üzərinə götürüb. İlkin mərhələlərdə 5 növ kompüter və noutbukların güzəştli şərtlərlə təqdim olunması təklif edilir. Kompüterlərin faizsiz kreditlə 2-3 il müddətinə veriləcəyi gözlənilir. Hazırda Azərbaycanda əhalinin hər 100 nəfərinə 5 kompüter düşürsə, layihənin həyata keçirilməsi nəticəsində bu göstəricinin 20-25-ə çatacağı proqnozlaşdırılır.
Kompüter istehsalçıları Azərbaycanda istehsal xəttini təşkil etməklə yanaşı sifariş olunmuş kompüterləri təyin edilmiş müddət ərzində «Azərpoçt» vasitəsilə göndərilməsini, təminat müqaviləsi əsasında və ondan sonrakı dövrdə lazımı xidmət və texniki dəstəklə təmin edilməsini öhdəsinə götürəcək.
Kompüter sifarişi «Azərpoçt»un bütün regional məntəqələrində qəbul olunacaq. Kompüterlərin qiymətləri rəqabətli və bütün regionlar üçün eyni olacaq. Alıcı əldə edəcəyi malın öncədən qiymətinin bir hissəsini ödəyəcək, qalan məbləğ isə sifarişçiyə çatdırıldıqdan sonra ödəniləcək. Sifarişin ödənişi elektron sistem vasitəsi ilə aparılacaq, malların çatdırılması EMS ekspress-çatdırma xidməti ilə həyata keçiriləcək.
Hər sifariş fərdi EMS nömrəsi ilə nişanlanacaq ki, bu da onu «AzərEkspressPoçt» rabitə müəssisəsinin İnternet səhifəsi vasitəsi ilə bütün yol boyu hərəkət etməsini izləməyə imkan yaradacaq. Bununla bağlı «Azərpoçt» və «AzərEkspressPoçt» birlikdə www.azems.az veb-saytı hazırlayıb.
Qeyd edək ki, layihə Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirlikləri, «HP» və «Microsoft» şirkətləri tərəfindən birgə həyata keçirilir. Layihənin başlıca məqsədi əhalini güzəştli şərtlərlə kompüterlərlə təmin etmək və kompüterləri lisenziyalı proqramlarla təmin etməkdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR