Bank Of Baku

Azərbaycan mayda Rusiyadan yeni tanker alacaq

Azərbaycan mayda Rusiyadan yeni tanker alacaq
# 19 fevral 2009 09:57 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (XDG) 2009-cu ilin may-iyun aylarında daha bir tankeri donanmaya daxil edəcək. APA-nın məlumatına görə, bunu XDG-nin rəisi Aydın Bəşirov bildirib.
A.Bəşirovun sözlərinə görə, Rusiyanın Nijni Novqorod şəhərindəki «Krasnoye Sormovo» gəmiqayırma zavodunda tikilən tankerin yükgötürmə qabiliyyəti 13 min ton olacaq. Artıq tankerin tikintisi ilə bağlı işlərin yarıdan çoxu yerinə yetirilib.
Gəmiçiliyin daşıdığı yüklərin əsas hissəsinin neft məhsulları olduğunu deyən A.Bəşirov bu il əsasən «Chevron» şirkətinə məxsus nefti (Qazaxıstanın «Tengiz» yatağında hasil olunan xam neft) daşıyacaqlarını bildirib. Ötən il XDG tərəfindən 13 mln. tona yaxın yük daşınıb.
XDG rəisinin sözlərinə görə, hazırda Səngəçal (Azərbaycan) və Aktau (Qazaxıstan) terminalları arasında Azərbaycanın üç, Qazaxıstanın isə iki tankeri neft daşımaçılığı ilə məşğuldur.
A.Bəşirov bərə daşımaçılığının inkişaf etdiyini və bu nəqliyyat növü ilə daşınan yüklərin həcminin ilbəil artdığını vurğulayıb. Gəmiçilik rəisi yaxın günlərdə TRACECA dəhlizi vasitəsi ilə Əfqanıstana daşınan 91 konteynerin Bakıdan Qazaxıstana yola salınacağını bildirib.
XDG rəisi rəhbərlik etdiyi qurumun balansında olan gəmilərin böyük əksəriyyətinin 25-30 ildir istismar edildiyini və onların modernləşdirməyə ehtiyacı olduğunu vurğulayıb.
Qeyd edək ki, Rusiyanın «Krasnoye Sormovo» gəmiqayırma zavodu indiyədək XDG üçün 19619 layihəli 7 tanker tikib. «Çay-dəniz» tipli bu tankerlərin uzunluğu 149,9 metr, eni 17,3 metr, bortunun hündürlüyü 10,5 metr, dedveyti 13 470 ton, sürəti saatda 10 uzldır. XDG 2002-2006-cı illər ərzində «Krasnoye Sormovo»dan 19619 layihəli 5, 2008-ci ildə isə 2 tanker alıb.
XDG-nin nəqliyyat donanmasının tərkibinə 87 gəmi daxildir. Onlardan 42-si (o cümlədən, 1 sudaşıyan gəmi) tanker donanmasına, 35-i quru yük donanmasına, 10-u isə xidməti köməkçi gəmilərinə aiddir. Donanmanın tərkibində Ro-Ro tipli, universal gəmilər, dəniz dəmiryol bərələri və «Kometa» tipli sərnişin gəmisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR