Bank Of Baku

Regional Rabitə Birliyinin iclasında «Yeni nəsil pasport-viza və şəxsiyyəti təsdiq edən sənədlər haqqında» qanun layihəsi müzakirə olunacaq

Regional Rabitə Birliyinin iclasında «Yeni nəsil pasport-viza və şəxsiyyəti təsdiq edən sənədlər haqqında» qanun layihəsi müzakirə olunacaq
# 19 fevral 2009 14:13 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu ilin yayında Regional Rabitə Birliyinin (RRB) iclasında «Yeni nəsil pasport-viza və şəxsiyyəti təsdiq edən sənədlər haqqında» qanun layihəsinin müzakirə olunacağı gözlənilir. Bununla yanaşı, bu günlərdə keçirilən MDB Parlamentlərarası Assambleyasının Ekspert Şurasının iclasında «İnternet haqqında», «Tele-tibb xidmətləri haqqında», «Dövlət elektron xidmətlər haqqında» və digər qanun layihələri də müzakirə olunub. İclasda İKT sahəsinin MDB ölkələrində normal və davamlı fəaliyyəti üçün zəruri olan normativ-hüquqi bazanın formalaşdırılmasına dair işlərin tezləşdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata əsasən, «Yeni nəsil pasport-viza və şəxsiyyəti təsdiq edən sənədlər haqqında» qanun layihəsi bütün iştirakçılar tərəfindən qəbul olunduqda, layihə təsdiqlənmək üçün 2010-cu ildə MDB Parlamentlərarası Assambleyasına təqdim ediləcək.
Bu qanunun başlıca məqsədi müxtəlif MDB ölkələrində bu sənədlərin tətbiq olunması üzrə işlərin uyğunlaşdırılmasından ibarətdir. Belə vəziyyətdə birgə pasport-viza nəzarəti proseduralarının sadələşdirilməsinə, bunun tətbiqi ilə bağlı əlavə xərclərin azaldılmasına imkan yaranacaq.
Qeyd edək ki, bu il Azərbaycanda biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Proqramının (2007-2012-ci illər) birinci mərhələsi başa çatır. Proqramın ilk mərhələsində bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi, biometrik eyniləşdirmə sistemi ilə bağlı yeni normativ-hüquqi aktların hazırlanması, qəbul edilməsi, miqrasiya proseslərinə dövlət tərəfindən nəzarətin gücləndirilməsinə dair tədbirlər, sərhədkeçmə sənədlərinin fərdiləşdirilməsi üzrə informasiya resurslarının formalaşdırılması və təkmilləşdirilməsi yer alıb.
Sonrakı dövrü, 2010-2012-ci illəri əhatə edən ikinci mərhələdə biometrik texnologiyaların tətbiqi sahələrinin genişləndirilməsi və onların təkmilləşdirilməsi nəzərdə tutulur. Proqramın həyata keçirilməsi üzrə qarşıya qoyulmuş vəzifələrdən biri də biometrik texnologiyalar əsasında biometrik pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin istehsalı və tətbiqinin təşkilidir. Biometrik sistem, şəxsiyyəti daha dəqiq identifikasiya etməyə imkan verən ən əlverişlisidir. Biometrik pasportlar ilk baxışda adi pasportlara oxşayır, amma onların üz qabığında biometrik pasport loqosu olur. Bu loqo biometrik pasportlar üçün beynəlxalq işarədir və pasportun xüsusi çipə malik olduğunu bildirir. Çipdə pasport haqqında məlumatlar və pasport sahibinin biometrik məlumatları saxlanır. Sərhədi keçərkən səyahətçilər öz pasportlarını xüsusi skanerlərə yerləşdirəcək və bu qurğu çipdəki məlumatların birinci səhifədəki verilənlərlə eyni olduğunu yoxlayacaq. Daha sonra, əgər çipdə barmaq izləri də saxlanırsa, səyahətçi barmaqlarını barmaq izi skanerinə qoyacaq və onların eyniliyi yoxlanacaq.
Mikroçip yaddaş və antenadan ibarətdir. Antena hissəsi yaddaşda olan məlumatı oxuyucu qurğuya ötürür. Məlumatlar pasportda açıq şəkildə yox, şifrlənmiş şəkildə olur. Barmaq izi və gözün qüzehli qişasının daha yüksək və daha ciddi şifrlənmədən istifadə etməklə şifrlənməsi nəzərdə tutulur. Ümumiyyətlə, iddia edilir ki, oxuyucu qurğu mikroçipdəki məlumatı 10 sm-dək məsafədən oxuyur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR