Bank Of Baku

Bu il Gəncədə rəqəmsal teleyayıma keçid üçün sınaq işlərinə başlanacaq

Bu il Gəncədə rəqəmsal teleyayıma keçid üçün sınaq işlərinə başlanacaq
# 20 fevral 2009 10:25 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Teleradio» İstehsalat Birliyi (İB) bu ilin III rübü ərzində Gəncə şəhərində yerüstü analoq efir yayımından rəqəmsal yayıma keçid üçün sınaq işlərinə başlayacaq.
«Teleradio» İB-nin direktoru Əflatun Şərifov APA-ya bildirib ki, Gəncədən sonra bu işlərin Ağsudakı «Gülüstan» stansiyasında görülməsi nəzərdə tutulur. Bu stansiyada quraşdırılan rəqəmsal vericinin hesabına yaxınlıqdakı təxminən altı rayon rəqəmsal yayımla əhatə oluna biləcək. Hazırda isə rəqəmsal yayım Bakıda həyata keçirilir.
Ə.Şərifovun sözlərinə görə, ölkədə rəqəmsal yayımla bağlı aparılan işlərin ilk mərhələsi bu ilin sonunda başa çatacaq. Hələ 2004-cü ildən başlanılan birinci mərhələdə rəqəmsal yayımın təşkili üçün əsasən sınaq işləri aparılıb, rəqəmsal vericilərin yerləri müəyyənləşdirilib. Bu mərhələdə ölkə əhalisinin 55-60%-i artıq rəqəmsal yayımdan faydalana biləcək. Rəqəmsal yayımın təşkili üçün ikinci mərhələ isə 2010-cu ildən başlayacaq və 2012-ci ilədək davam edəcək. Bu mərhələdə əsas işlər digər böyük şəhər, rayon mərkəzlərində aparılacaq. Bu sıraya Şəki, Lənkəran, Lerik və s. daxil olacaq. Ümumilikdə isə yerüstü analoq yayımından tam rəqəmsal yayıma keçid işləri 2015-ci ildə tamamlanacaq.
Rəqəmsal yayıma keçdikdən sonra yayım zamanı təsvir və səs siqnallarının ötürülmə və qəbul keyfiyyəti yüksələcək, ötürülmədə kənar maneələr hiss edilməyəcək, informasiyaların saxlanılmasında itki olmayacaq, tezlik spektrindən effektiv istifadə olunacaq, 1 TV kanalında 4-5 TV proqram nümayiş ediləcək. Rəqəmsal yayımın interaktivlik, İnternetlə bağlantı, abunəçinin girişi üçün kodlama sisteminin olması kimi imkanları da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR