Bank Of Baku

Azərbaycanda daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi rəqəmli xəritələr üzərində aparılacaq

Azərbaycanda daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi rəqəmli xəritələr üzərində aparılacaq
# 20 fevral 2009 10:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (DƏDRX) Azərbaycanda ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi ilə bağlı müşavirə keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, həmçinin Bakı şəhəri üzrə bələdiyyə sədrləri iştirak ediblər.

Tədbirdə çıxış edən DƏDRX rəisi Arif Qaraşov bildirib ki, ünvan reyestrinin Xidmət tərəfindən aparılması daşınmaz əmlakın rəqəmli məlumat bazasının formalaşdırılması baxımından əhəmiyyətlidir. Azərbaycanda daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi dünyanın bütün qabaqcıl ölkələrində olduğu kimi, rəqəmli xəritələr üzərində həyata keçiriləcək: «Ünvan reyestrinin yaradılması və onun daşınmaz əmlakın kadastr xəritəsi ilə əlaqələndirilməsi gələcəkdə əhalinin siyahıya alınması ilə əlaqədar sxematik planların, habelə seçici siyahılarının qısa zamanda hazırlanmasını təmin edəcək. Bu işlərə sərf olunan maliyyə vəsaitinin həcmi minimuma enəcək».

A.Qaraşov qeyd edib ki, 2009-cu ildə əhalinin siyahıya alınması prosesində istifadə üçün Xidmət tərəfindən əhalisinin sayı 5 min nəfərdən çox olan yaşayış məntəqələrinin sxematik planları hazırlanarkən belə problemlər yaranıb: «Məlum olub ki, əksər yaşayış məntəqələrində evlər nömrələnməyib, ünvanlar qeyri-dəqiqdir və s. Ona görə də belə hallarla qarşılaşarkən biz məcbur qalıb daşınmaz əmlak obyektlərinin ünvanlarını şərti ünvanlarla göstərməli olduq və sxematik planların hazırlanması işi başa çatdırıldı. Amma ünvanlarla bağlı problemlər hələ qalır. Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Bakıətrafı kənd və qəsəbələrdə çoxlu sayda adsız küçələr, nömrəsiz evlər var. Bakı ətrafında elə qəsəbələr var ki, orada 10-15 küçə bir adla tanınır».

Daha sonra məsələ ilə bağlı müvafiq qurumların nümayəndələrinin təklifləri dinlənilib və müvafiq tövsiyələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR