Bank Of Baku

«Azərbaycan Elektronikası» şirkəti ötən il dövriyyəsini 54% artırıb

«Azərbaycan Elektronikası» şirkəti ötən il dövriyyəsini 54% artırıb
# 20 fevral 2009 15:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın kompüter, ofis ləvazimatı və məişət texnikası bazarında lider olan «AZEL» («Azərbaycan Elektronikası») şirkəti Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Korporativ İdarəetmə üzrə Pilot Proqramını başa çatdırması ilə əlaqədar tədbir keçirib.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən IFC-nin Avropa və Orta Asia üzrə regional direktoru Tomaş Telma qeyd edib ki, layihənin birinci fazasında «AZEL» şirkəti IFC-nin həm məsləhət, həm də maliyyə vəsaitindən yararlanıb. Belə ki, şirkət IFC-dən 2,7 mln. ABŞ dolları həcmində kredit cəlb edib: «Gələcəkdə də «AZEL» şirkətinin maliyyə vəsaitlərinə çıxış imkanları artacaq».
Tədbirdə çıxış edən «AZEL» şirkətinin Müşahidə Şurasının sədri İqor Yakovenko qeyd edib ki, korporativ idarəetmənin təkmilləşdirilməsi şirkətin fəaliyyətinin effektivliyinin artırması ilə nəticələnib və IFC-nin resurslarının daha səmərəli istifadə edilməsi üçün imkan yaradıb. Şirkət haqqında məlumat verən İ.Yakovenko həmçinin vurğulayıb ki, ötən il ərzində «AZEL»ın dövriyyəsi 2,5 mln. dollar təşkil edib ki, bu da 2007-ci illə müqayisədə 54% çoxdur: «Əgər 2003-cü ildə bizim şirkətdə 46 işçi çalışırdısa, hazırda işçilərin sayı 150-yə çatıb və maliyyə böhranı ilə əlaqədar biz heç bir ixtisar etmək niyyətində deyilik. Əksinə, yeni işçilər cəlb etmək niyyətindəyik».
Tədbirdə çıxış edən layihənin meneceri xanım Karolina Brayt isə bildirib ki, layihənin ilk fazası 2005-ci ildə başlayıb və bu müddət ərzində 6 pilot şirkət layihədə iştirak edib: «Layihənin ikinci fazası isə 2008-ci ilin yayında başlayıb və bu fazada da biz 6 şirkət seçəcəyik ki, yaxın günlərdə seçilən şirkətlərin adları açıqlanacaq».
Layihəni maliyyələşdirən İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Azərbaycandakı nümayəndəsi xanım Nailə Səfərova bildirib ki, layihə çərçivəsində «AZEL» şirkətində Müşahidə Şurası, İdarə Heyəti, korporativ katib vəzifəsinin yaradılmasına, həmçinin daxili auditlə bağlı təcrübənin təkmilləşdirilməsinə nail olunub.
Tədbirdə layihənin praktiki faydasından və üstünlüklərindən danışan «AZEL» şirkətinin İdarə Heyətinin sədri Rasim İbrahimov qeyd edib ki, layihə şirkətin daxili strukturunun təkmilləşdirilməsinə, yeni iş yerlərinin açılmasına, şirkətin dövriyyəsinin artmasına və tərəfdaşların siyahısının genişlənməsinə səbəb olub.
Qeyd edək ki, «AZEL» şirkəti 1991-ci ildən fəaliyyət göstərir. Şirkət IT və telekommunikasiya üzrə müxtəlif xidmətlər göstərir.
Xatırladaq ki, layihənin tərəf müqabilləri rolunda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan İnvestisiya Şirkəti çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR