Bank Of Baku

Toğrul Hacızadə: «Bu il «Catel» Azərbaycanın bütün ərazisini əhatə edəcək»

Toğrul Hacızadə: «Bu il «Catel» Azərbaycanın bütün ərazisini əhatə edəcək»
# 02 mart 2009 14:49 (UTC +04:00)
- Ötən ilin nəticələrini necə qiymətləndirirsiniz. Ümumiyyətlə, 2008-ci ildə «Catel» şirkəti hansı layihələri reallaşdırıb?

- Ötən il «Catel» şirkəti əsas diqqəti əhatə dairəsinin genişləndirilməsinə yönəldib. Nəticədə, Kürdəmir, Göyçay, Ağstafa, Lənkəran, Astara, Quba, Qusar, Xaçmaz və Masallı regionlarını xidmət dairəmizə daxil etdik. Yaxın günlərdə Şəki, Tovuz və Qazax rayonlarını da əhatə etməyi planlaşdırırıq. Cari ilin sonuna kimi əhatə dairəmizə bütün respublikanı, o cümlədən Naxçıvan Muxtar Respublikasını daxil edəcəyik.
Qeyd edim ki, yuxarıda sadalanan şəhər və rayonlarla yanaşı, bizim şəbəkəmizin əhatə dairəsinə bütün Abşeron yarımadası, o cümlədən Bakı, Sumqayıt, Səngəçal, Ələt, Ucar, Şirvan, Mingəçevir, Gəncə, Şəmkir, Balakən, Dəvəçi və Nabran daxildir. Bununla yanaşı, 2008-ci ildə biz «Express» terminalları vasitəsi ilə abunəçilərimizin borclarının ödənilməsini təmin edən layihəni həyata keçirmişik.

- Şirkətinizin inkişaf dinamikası 2007-ci illə müqayisədə necə olub?

- Ötən il «FONEX» mobil şəbəkəsinin abunəçi bazasının 86%, fiksə edilən şəbəkənin isə 55% artmasına nail olmuşuq. Ümumilikdə, bu artım 68% təşkil edib. Biz həmçinin CDMA şəbəkəsinin əhatə dairəsini 50-55% genişləndirmişik. Quraşdırılmış baza stansiyalarının sayı 64-də çatıb. Qeyd edək ki, bir CDMA stansiyasının əhatə dairəsi 2-3 GSM stansiyasının əhatə dairəsinə bərabərdir.

- «Catel» EV-DO texnologiyasını tətbiq etməyi planlaşdırırdı. Bu layihənin həyata keçirilməsi hansı mərhələdədir və hazırda bu nə qədər aktualdır?

- Bu texnologiya CDMA 2000 1x baza həllinin üstqurumudur. Onun tətbiqi mövcud olan avadanlığın və PDSN sisteminin təkmilləşdirilməsini, transmissiya linklərinin tamamlanmasını tələb edir. Bütün bu proses texniki cəhətdən asan olsa da xeyli vəsait tələb edir. Bir halda ki, simsiz İnternet, kontent xidmətlərinə, MMS və digər servislərə tələbat sürətlə artır, bu texnologiya aktualdır və bunları tətbiq edəcəyik.
Bununla yanaşı qeyd etmək lazımdır ki, EV-DO xidmətlərindən istifadə etmək üçün bu texnologiyanı dəstəkləyən mobil aparatın olması lazımdır. Bununla əlaqədar, Bakı şəhərində fiksə edilmiş simsiz telefon rabitəsi şəbəkəsinin genişləndirməsi və texniki modernləşmə üzrə planların hazırlanması üzərində işlər aparılır.

- «Catel»in CDMA standartından 3G standartına keçidi planlaşdırılırmı?

- CDMA 2000 1x-dən 3G şəbəkəsinə keçid üçün əlavə tezlik diapazonlarına ehtiyac yoxdur. EV-DO və EV-DV isə CDMA 2000 1x standartının inteqrasiya edilmiş hissəsidir. Sistemi yalnız avadanlığın bir hissəsinin EV-DO/EV-DV texnologiyasını dəstəkləyən texnika ilə əvəz edilməsi vasitəsi ilə «tamamlamaq» tələb olunur. Bunun sayəsində, məlumatların ötürülməsi sürəti sadəcə indikindən 2,4 Mbit/s-dək artacaq. Artıq qeyd etdiyim kimi, bu texnologiyanın inteqrasiyası bizim şirkətin yaxın gələcəyə olan planlarına daxildir.

- Bu il «Catel» hansı yeni xidmət növlərini bazara təqdim etməyi planlaşdırır?

- Bu il biz GSM operatoru olan «Azercell Telecom» ilə SMS Gateway (digər mobil rabitə operatorları ilə SMS mübadiləsi) xidmətini təqdim etdik. Gələcəkdə digər mobil rabitə operatorları ilə SMS mübadiləsini həyata keçirməyi planlaşdırırıq. Yaxın vaxtlarda isə WAP (mobil telefon vasitəsi ilə informasiya resurslarına qoşulma, melodiyaları, şəkilləri almaq imkanı), Call Register (buraxılmış çağırış haqda məlumatın alınması), Voice Mail (səsli poçt) və bazarda tələb olunan digər yeni əlavə xidmətləri tətbiq etməyi nəzərdə tuturuq. Bununla yanaşı, rouminq xidmətlərinin tətbiqi planlaşdırılır.
Bu gün «Catel» bir neçə qabaqcıl texnologiyalardan istifadə edir, onlardan biri MultiGain Wireless (MGW) simsiz rabitə sistemidir. Bu şəbəkə, kabel imkanları həddindən artıq yüklənmiş şəhər şəraitində, yeni tikilmiş yaşayış massivlərində, adi telefoniya vasitəsi ilə rabitə yaratmağa imkanın olmadığı, uzaq ərazilərdə, toplantılarda, sərgilərdə və s. ideal rabitə vasitəsidir.
Bundan başqa, şirkət RSU avadanlığı vasitəsi ilə, kabel rabitəsi xidmətlərini təklif edir. Əhalisi sıx olan ərazilərdə çoxmərtəbəli binalar telefon kabellərlə təchiz olunur və Baza Stansiyası vasitəsi ilə abunəçilər adi kabel telefonu servisindən istifadə edirlər. Bu növ servisdən istifadə edən abunəçi yüksəkkeyfiyyətli telefon, faks rabitəsi, 56 Kbit/s sürətlə modem qoşulması, ayrılmış xətt və digər xidmətləri alır. Bu sistemdən Bakı şəhərinin Yeni Yasamal, Biləcəri, Qaraçuxur, İ.İsmaylov və Hövsan qəsəbələrinin abunəçiləri istifadə edə bilərlər.
Xatırladım ki, iki il əvvəl «Catel» bazara «FONEX» ticarət markasını təqdim edib. Biz təqdim etdiyimiz bu xidmətləri növbəti illərdə daha da təkmilləşdirməyi qarşıya məqsəd qoymuşuq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR